Toyota şirkəti yeni nəsil RAV4 krossoverinin növbəti tizerini dərc edib. Yayımlanan videoçarxda avtomobilin qabaq hissəsi - ön fənər, radiator barmaqlığı və ön bamperin bir parçası görüntülənib.
Toyota şirkəti yeni RAV-4 barədə heç bir məlumat verməyib. Məlum olduğu kimi, RAV-4 modeli Toyota Corolla modeli ilə yanaşı yapon avtoistehsalçısının strateji modellərindən biridir. Təsdiq edilməmiş məlumatlara görə, yeni krossover bir müddət bundan öncə 88-ci Cenevrə avtosalonunda debüt etmiş Lexus UX krossoveri ilə eyni platformanı bölüşəcəkdir. Ehtimallara görə, yeni Toyota RAV-4 krossoveri bir müddət bundan öncə nümayiş etdirilən Toyota FT-AC konseptində tətbiq edilən dizayn üslubunda eksteryerə sahib olacaqdır.
Eyni zamanda, yeniu modelin müasir təhlükəsizlik və məlumat-əyləncə texnologiyalarına da sahib olacağı gözlənilir. Yeni modelin təchizatına Cenevrə avtosalonunda Auris modeli ilə birlikdə debüt edən 2,0-litrlik benzin mühərrikin və yeni transmissiyanın da daxil ediləcəyi söylənilir. Bundan başqa, yeni modelin mühərrik çeşidinə hibrid güc qurğusunun da daxil ediləcəyi ehtimal olunur. Çox güman ki, RAV-4 modeli də iki növ hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Gələcəkdə krossoverin tam elektrik variantının da buraxılacağı da istisna olunmur.