Yaponiya bazarında satılan iri Toyota Crown sedanı iki yeni xüsusi versiyaya sahib olub . Qeyd etmək gərəkdir ki, yapon marketoloqları yeni versiyaların adlandırılması üzərində o qədər də baş sındırmayıblar. Xatırladaq ki, artıq Crown sedanının modifikasiya çeşidində, müvəqqəti əsasda da olsa, RS Limited və Elegance Style versiyaları mövcud idi, indi isə yaponlar bu versiyaları dəyişdirərək, onları RS Limited II və Elegance Style III adlandırıblar.
Toyota Crown RS Limited II
RS Limited II variantının təchizatına qara rəngli 18-düymlük təkər diskləri, xromu əvəzləmiş tutqun rəngli dekor və fənərlərin qara içlikləri daxildir. Salon da tamamilə qara rəngdə tərtibata malikdir, lakin ön paneldə və mərkəzi tuneldə "alüminium" işləmələr var. Ön oturacaqların havalandırması da sedanın avadanlıq siyahısına əlavə edilib.
Toyota Crown Elegance Style III
Elegance Style III versiyası isə fərqli bir əhval-ruhiyyəyə malikdir. Bu versiya fərqli tünd rəngli radiator barmaqlığına və gümüşü rəngli 18-düymlük təkər disklərinə sahibdir. Oturacaqlar və qapı kartları qəhvəyi rəgli əsl dəri və süni dəri ilə üzləniblər, mərkəzi tuneldə isə ağacı təqlid edən işləmələr var. Bundan əlavə, hər iki xüsusi versiya, əvvəllər Crown modelində təklif edilməyən qapı dartıcılarını alıblar.
Yeni versiyalar 226 at qüvvəli 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan hibrid qurğu ilə hərəkətə gəlirlər. Ötürmə - arxa oxa və ya tam ola bilər. Lakin Toyota Crown RS Limited II sedanını, bu model üçün baza aqreqatı sayılan 245 at qüvvəli 2,0-litrlik turbomühərriki və arxa ötürmə ilə də sifariş etmək olar.
Yeni versiyaların başlanğıc qiymətlər də yaxındır: RS Limited II variantının qiyməti 47.000, Elegance Style III versiyasının isə 47.600 dollardan başlayır. Toyota Crown sedanı rəsmi olaraq Yaponiyadan kənarda satılmadığını xatırlatmaqda fayda var.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.