Bu gün internet məkanında yeni nəsil Toyota Supra modelinin xarakteristikaları göstərilmiş yapon “Best Car” dərgisinin səhifələrinin surəti yayılıbdır. Dərgidə yazılan məlumatlara əsasən, sportkar altı silindrli mühərrik ilə təchiz ediləcək və Porsche 911 modelindən yeyin olacaqdır.
Yeni Supra modelinin qabarit uzunluğu 4380 millimetr, eni 1855 millimetr, hündürlüyü isə 1290 millimetr olacaqdır. Sportkarın təkər bazasının uzunluğu 2470 millimetrdir. Onun çəkisi isə 1496 kiloqrama bərabərdir. Beləliklə, yeni sportkar sələfindən 14 kiloqram yüngül, GT86 kupesindən isə 250 kiloqram ağırdır. Toyota Supra modelinin altı slindirli mühərriki 340 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edəcəkdir. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır.
Yerindən 100 km/saat həddinə sportkar 3,8 saniyəyə sürətlənəcəkdir. Bu 370 at qüvvəli mühərrikə və “robota” malik olan Porsche 911 modelindən 0,6 saniyə yeyindir. Lakin, Porsche 911 Toyota Supra modelindən 46 kiloqram ağırdır.
Bir müddət bundan əvvəl Toyota Supra sportkarının tizerini dərc edib. Yeni avtomobilin kütləvi təqdimat mərasimi gələn ay işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.