Toyota şirkəti GR Supra kupesinin Jarama Racetrack Edition adlı xüsusi versiyasını hazırlayıb. Xüsusi nəşr yapon sportkarının 2018-ci ildə ilk dəfə nümayiş olunduğu İspaniyanın Xarama yarış trekinə həsr ediblər. Xüsusi seriyadan olan kupelərin sayı 90 nüsxə ilə məhdudlaşır: onlardan 60 nüsxəsi Avropa, 30 nüsxəsi isə Britaniya üçün nəzərdə tutulub.
Toyota GR Supra Jarama Racetrack Edition modelinin kuzovu mavi Horizon Blue rənginə, 19-düymlük təkər diskləri isə tutqun qara rəngə boyanır. İdman avtomobili qırmızı rəngli alüminium supportları və 348 millimetrlik havalandırmalı diskləri olan Brembo əyləc mexanizmləri ilə təchiz edilir.
Kupenin salon tərtibatında mavi tikişli alkantaradan istifadə olunur. Ön panelində Xarama trekinin sxemi, kupenin seriyadakı sıra nömrəsi və Toyota GR Supra loqosu olan karbon dekor var.
Xüsusi seriyadan olan avtomobillərin avadanlıq siyahısına 8,8-düymlük ekranı, peyk naviqasiyası və 3D xəritələri olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi, habelə 10 dinamikli səs sistemi daxildir. Təhlükəsizliyə tərkibinə dayanma-durma funksiyalı kruiz-kontrol, toqquşmaların qarşısını alan sistem və digər köməkçilər daxil olan Safety + paketi cavabdehdir.
Toyota GR Supra Jarama Racetrack Edition kupesi 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən standart 3,0-litrlik altısilindrli turbomühərrik ilə hərəkətə gəlir. Güc qurğusu səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır. Xüsusi seriyadan olan kupenin qiyməti hələlik açıqlanmayıb. Qiymətin yayda açıqlanacağı vəd edilib.