Məlum olduğu kimi, Toyota şirkəti fevral ayında ABŞ bazarı üçün nəzərdə tutulmuş yenilənmiş GR Supra modelini təqdim etmişdi. Yenilənmiş sportkar 3,0-litrlik turbomühərrik və təkmilləşdirilmiş şassisi ilə təchiz edilmişdi. İndi isə, kupenin oxşar versiyası Yaponiya bazarında debüt etməyə hazırlaşır. Yeniləmə bənzər proqram üzrə həyata keçirilib: kupenin görünüşü dəyişməsə də, Supra trekdə daha sürətli olub.
Yenilənmiş Toyota GR Supra kupesi restaylinqdən əvvəlkidən fərqi daha güclü 3,0-litrlik altısilindrli BMW B58 mühərrikidir: yeni ikiaxınlı kollektor və porşenlərin tətbiqi nəticəsində mühərrikin hasilatı 340-dan 387 at qüvvəsinə (495-dən 499 Nm-ə) yüksəlib. Səkkiz pilləli avtomatik ötürmələr qutusu isə dəyişilməz qalıb. Yenilənmiş kupe 100 km/saat həddinə artıq 4,3 saniyəyə deyil, 4,1 saniyəyə sürətlənir.
Toyota GR Supra Matte Storm Gray
Şassinin xarakteristikalarını daha güclü bir mühərriklə uyğunlaşdırmaq üçün mühəndislər asqını yenidən tənzimləmiş və kapotun altında əlavə kuzov gücləndiricilərini quraşdırıblar. Qeyd etmək gərəkdir ki, donor BMW Z4 rodsterində bu çapraz çubuqlar əvvəldən mövcuddur. Supra modelində isə, bu çubuqların bərkitmə nöqtələri nəzərdə tutulsa da, ancaq onları yalnız indi quraşdırıblar.
Yeniləmələrin siyahısı bununla bitmir. Əvvəllər Yaponiya bazarında opsiya olan multimedia sisteminin 8,8-düymlük ekranı, indi kupenin baza təchizatına daxil edilib. Modelin rəng palitrasına iki yeni eksklüziv çalar əlavə edilib - boz Matte Storm Gray və parlaq mavi Horizon Blue. Sonuncu rəngin seçilməsi halında, salonun tərtibatında eyni rəngli tikişlərdən istifadə edilir.
Ən maraqlısı odur ki, Yaponiya üçün belə avtomobillərin tirajı, müvafiq olaraq, 27 (Matte Storm Gray) və 100 (Horizon Blue) nüsxə ilə məhdudlaşacaqdır. Yenilənmiş kupeyə sifarişlər artıq qəbul edilir, ancaq müştərilərə çatdırılmalara payızda başlanacaqdır.