Toyota şirkəti stabilizasiya sistemində aşkar edilmiş problemlərə görə 500 mindən çox avtomobili geri çağırır. Amerika (təxminən 460.000 avtomobil) və Yaponiyada (təxminən 88.000) satılmış ona yaxın Toyota və Lexus modelində belə nasazlıq aşkar edilib. Ən maraqlısı odur ki, geri çağırılan avtomobillərin arasında yeni Lexus LX 600 ofrouderi də var. Qüsur proqram təminatının yenilənməsi ilə aradan qaldırıla bilər - Toyota markasının rəsmi dilerləri iyunun sonuna qədər bütün avtomobil sahiblərini xəbərdar etməlidirlər.

Toyota şirkətinin Yaponiya və ABŞ-da həyata keçirdiyi qlobal geri çağırma kampaniyası barədə məlumat bu həftə meydana çıxıb. Təxminən 550 min avtomobil sahibi, gözləmədikləri halda, servisə baş çəkməli olacaqlar.

Toyota şirkəti hər iki ölkədə RAV4 hibridlərini, hidrogenlə çalışan Mirai modellərini, Lexus şirkəti isə, NX, LX və LS modellərini geri çağırır. Doğan Günəş ölkəsində Land Cruiser 300 və Harrier modelləri, Şimali Amerikada isə Venza, Sienna və Highlander modelləri bu siyahıya əlavə olunublar. Bütün problemli avtomobillər 2020-2022-ci illər arasında istehsal olunublar.

Toyota şirkəti yuxarıda adı çəkilən avtomobillərdə sabitliyə nəzarət sisteminin sıradan çıxa biləcəyini aşkar edib - avtomobil yenidən işə salındıqda, elektron köməkçi standart olaraq aktivləşmir. Bu qüsuru Toyota şirkətinin özünün müəyyən etdiyi və bir qəzanın belə qeydə alınmadığı xüsusi ilə vurğulanıb.

Toyota şirkəti keçən həftə Avstraliyada problemli dizel avtomobillərini satarkən yaxalanıb. Yerli məhkəmə yapon konserninə qarşı qaldırılmış iddiada ofrouder və pikap sahiblərinin tərəfini tutub. Deyilənə görə, avtomobil sahiblərinə ödənilməli olan təzminatın məbləği bir milyard dolları keçə bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.