Lexus şirkəti illərdir subkompakt avtomobillər seqmentini araşdırır. Məsələn,2015-ci ildə yapon istehsalçısı 3,45 millimetr uzunluğu və 2+2 oturacaq formulu olan Lexus LF-SA konsepti nümayiş etdirmişdi. Belə bir miniatür avtomobil hələlik şirkətin istehsal planlarında olmasa da, kiçik və nisbətən əlçatan Lexus yaratmaq ideyası hələ də gündəmdədir. Yapon Magazine X jurnalı tərəfindən yayılan yeni məlumata görə, gələcək yığcam Lexus modeli Toyota Yaris Cross krossoverinə əsaslanacaqdır.

Lexus LF-SA

İlkin məlumatlara görə, belə bir avtomobil 2023 -cü ildə işıq üzü görə bilər. Yeni model Lexus BX adlandırılacaqdır. Xatırladaq ki, bu yaxınlarda yapon şirkəti Avropada Lexus markası üçün xarakterik olmayan üçhərfli LBX indeksini qeydə alıb. Yığcam Lexus modelinin əsas bazarları Avropa, Yaponiya və Avstraliya, yəni original 4,2-metrlik Yaris Cross krossoverinin satıldığı bölgələr olmalıdır.

Toyota Yaris Cross

Gələcək avtomobil haqqında ətraflı məlumat mövcud deyil. Yeni avtomobil üzü dəyişdirilmiş Yaris Cross modeli də ola bilər, lakin GA-B platformasında inşa edilmiş və özünəməxsus kuzova malik olan krossoverin buraxılacağı da istisna edilmir. Yeganə məlum olan – belə krossoverin birmənalı hibrid güc qurğusu ilə hərəkətə gələcəyidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.