Bir müddət bundan öncə, Toyota şirkəti Gazoo Racing komandası tərəfindən hazırlanmış Yaris GR-4 ilk tizerini dərc edərək, protoipin 17 noyabrda keçiriləcək Avstraliya rallisində debüt edəcəyini bildirmişdi. Lakin, Avstraliyada baş verən meşə yanğınları ucbatından WRC çempionatının rəhbərliyi rallini keçirməmək qərarını qəbul etmişdi.
Bu günlərdə Toyota şirkəti Yaris GR-4 konseptinin növbəti videotizerini dərc edib. Tizerdə diqqət əsasən protoipin mühərrikinin səsinə yönəldilib. Bundan başqa, tizerdəki avtomobilin genişləndirilmiş təkər tağlarına, yeni radiator barmaqlığına və ralli bolidinin üslubunda aqressiv kuzov dəstinə malik olduğu görünür.
Əvvəllər Gazoo Racing modelinin “qaynar” Yaris modelinin üç variantda hazırlayacağını bildirilmişdi. Yeni modelin aktual versiyadan fərqli olaraq daha güclü mühərrik ilə təchiz ediləcəyi də istisna olunmur. Xatırladaq ki, hazırda Toyota Yaris WRC modeli 380 at qüvvəsi və 425 Nm fırlanma anı hasil edən 1,6-litrlik dördsilindrli mühərrik ilə təchiz edilir.