Toyota şirkəti hidrogenin perspektivlərinə inanan az sayda avtomobil istehsalçılarından biridir. Yapon istehsalçısı hidrogendən təkcə yanacaq hüceyrələri ilə işləyən qurğularda deyil, həm də daxili yanma mühərriklərində də istifadə etmək niyyətidədir.
Toyota, bir müddət bundan öncə, hidrogen mühərriki ilə təchiz olunmuş Toyota ROV motokonseptini nümayiş etdirmişdi, indi isə bənzər GR Yaris hetçbekini göstərib. Hetçbek yanacaq sistemi dəyişdirilmiş 1,6-litrlik “turbiüçlük” ilə hərəkətə gəlir və Mirai sedanından götürülmüş yanacaq çəninə malikdir.
Toyota porşenli mühərriklərdə hidrogeni yanacaq kimi istifadə etmək ideyasına üç il bundan əvvəl gəlib. Yapon şirkəti hidrogen püskürtməli mühərriki Corolla Sport hetçbekində yarışlarda sınayıb.
Növbəti addım eyni mühərriklə hərəkətə gələn GR Yaris H₂ prototipinin inşası olub. Konstruktiv olaraq, bu G16E-GTS “turboüçlüyüdür”, lakin fərq ondadır ki, yanacaq doldurma prosesi və çənlər Mirai modeli ilə unifikasiya edilib, yanacaq sistemi isə hidrogeni “həzm” edə bilir.
Hələlik Toyota avtomobilin nə güc xarakteristikalarını, nə də ki dinamikasını açıqlayıb. Qeyd etmək gərəkdir ki, Corolla Sport hetçbekinin Super Taikyu rallisində əldə etdiyi nəticələr təsiredicidirlər.
24 saat ərzində avtomobil 358 dövrə və ya 1634 kilometr qət edib ki, bu da qalibin nəticəsindən iki dəfə azdır. Hər 10 dövrədən bir avtomobili pitleyndə quraşdırılmış xüsusi kompressor stansiyalarından hidrogenlə doldurmaq lazım gəlib.
Ümumilikdə, yanacaq doldurmağa 4 saat sərf edərək, çənləri 35 dəfə hidrogenlə doldurmaq gərək olub. Daha səkkiz saat diaqnostikaya və nasazlıqların aradan qaldırılmasına sərf edilib. Bir sözlə, Corolla trekdə 11 saat 54 dəqiqə vaxt keçirib.
Hidrogenlə çalışan mühərrik benzin analoqunun gücünün 80 faizini hasil edib. Autopolis avtodromunda keçirilən ikinci yarışda bu göstərici 90 faizə yüksəlib. Mühəndislər hidrogenin anormal yeyin yanmasının qarşısını alıblar və fırlanma anını 15 faiz artırıblar.
Toyota mühəndisləri yanacaq doldurma müddətini də 40 faiz azaltmağa müvəffəq olublar: 5-7 dəqiqədən üçə qədər. Digər yarış iştirakçıları ilə bərabər səviyyədə iştirak etmək üçün bu kifayət etməyib və avtomobili 40 kiloqram yüngülləşdiriblər. Mühəndislər hetçbekin asqısını, kuzovunu yenidən işləmiş, məlumatların toplanması üçün lazım olan avadanlığı daha yığcam etmişdirlər.
Toyota şirkətindən bu texnologiyanın hələ tam hazır olmadığını etiraf edirlər, lakin onun karbon-neytral iqtisadiyyata keçidin daha ağrısızedəcəyinə inanırlar. Hidrogen mühərriki klassik DYM-nin səs və titrəmə sahəsindəki bütün əlamətlərini qoruyur saxlayır, lakin bununla belə karbon dioksidi tullantılarnə 80 fazi azaltmağa imkan verir.
Elektromobillərdə olduğu kimi, hər şeyi “sıfırdan” yaratmağa ehtiyac yoxdur və buna görə də, belə variant istehsalda daha ucuz başa gəlir. Şayiələrə görə, hidrogen mühərriki bu onilliyin ortalarında Prius modelində peyda olacaqdır. Odur ki, Toyota mühəndislərinin hər şeyi qaydaya salmağa vaxtları var.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.