Toyota Suzuki şirkəti ilə birlikdə Hindistan bazarı üçün hazırladığı yeni Urban Cruiser Hyryder krossoverinin tizer görüntülərini paylaşıb. Yeni model yığcam büdcə krossoverləri seqmentinə aiddir və yerli model xəttində Urban Cruiser modelindən bir pillə yuxarıda qərarlaşacaqdır. Toyota Urban Cruiser Hyryder modelinin təqdimatı 1 iyul tarixinə planlaşdırılıb. Sifarişlərin qəbuluna təqdimat günü başlanacaqdır. Krossover iki hibrid versiyada təklif ediləcəkdir.

Autocar İndia” nəşrinin bildirdiyinə görə, yeni krossover Maruti Suzuki şirkətinin “yumşaq” hibrid güc qurğusu və Toyota şirkətinin tam ölçülü hibrid qurğusu ilə əlçatan olacaqdır. Urban Cruiser Hyryder modelinin, hər iki hibrid qurğusunun əsaslanacağı 1,5-litrlik K15C mühərriki ilə təchiz ediləcəyi gözlənilir.

Toyota krossoverinin ardınca, onun Maruti Suzuki brendi altında buraxılacaq əkizi işıq üzü görməlidir. Özü də, sonuncunu Nexa brendinin ticarət nöqtələri vasitəsi ilə satacaqlar. Hər iki modeli Toyota şirkətinin Hindistanın Karnataka ştatındakı zavodunda buraxacaqlar. Krossoverlərin seriya istehsalına avqust ayında başlanılmalıdır.

Xatırladaq ki, 2006-cı ildən 2014-cü ilə qədər Toyota markasının model xəttində Urban Cruiser adlı krossover mövcud olub. O, Yaponiyada istehsal edilərək, Avropa və Latın Amerikasında satılırdı.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.