Toyota Crown sedanının seriyaöncəsi versiyası may ayında nümayiş etdirilib. İndi isə, məşhur sedanın seriya versiyası Yaponiyada debüt edib və yaxın vaxtlarda satışa çıxmalıdır. Sedan, Crown Crossover və Crown Sport modelləri ilə yanaşı, dörd modeldən ibarət olan qlobal Toyota Crown ailəsinin üçüncü üzvüdür. Lakin Crown sülaləsinin ailə DNT-sinin əsl daşıyıcısı məhz Crown Sedan modeli sayılır.

Hər şey platforma ilə əlaqədardır. Crown Crossover və Crown Sport eninə yerləşən mühərriki, əsas ön ötürməsi və ön McPherson asqısı olan kütləvi TNGA-K platformasında inşa edilsə də, Crown Sedan tamamilə fərqli platformaya əsaslanır. TNGA-L arxitekturasına əsaslanan sedan, Crown modelinin əvvəlki 15 nəslindəki kimi uzununa yerləşən mühərriki, arxa ötürməsi və ikiqollu ön asqısı olan klassik quruluşa malikdir.

Məhz belə quruluş sayəsində, sedan geri çəkilmiş salonu olan daha bahalı nisbətləri ilə seçilir. Ön və arxa tərəfin dizaynı yeni ailənin digər modelləri ilə unifikasiya olunub, lakin önötürməli platformada inşa edilmiş avtomobillər daha təmtəraqlı formalara sahib olsalar da, klassik qururluşlu sedanı daha ciddi şəkildə tərtib edilib – onun görkəmində az sayda çıxıntılar və bolluca düz xətlər diqqəti çəkir. 

Əvvəlki, 2018-ci ilin modeli ilə müqayisədə yeni sedan 120 millimetr uzun (5030 millimetr), 90 millimetr enli (1890 millimetr) və 20 millimetr (1475 millimetr) hündürdür. Təkər bazası da 80 millimetr artırılıb və artıq düz üç metr təşkil edir. Klirens versiyadan asılı olaraq 130 ilə 135 millimetr arasında dəyişir, sedanın boş çəkisi isə ən azı 2000 kiloqramdır. Baqaj bölməsinin bəyan edilmiş həcmi 450 litrdir.

Sedanın interyeri də Crown ailəsinin “korporativ” üslubunda hazırlanıb və müasir standartlara görə, kifayət qədər mühafizəkardır. Məsələn, burada iqlimə nəzarət sisteminin ayrıca bloku, mərkəzi tuneldə isə, köməkçi sistemləri idarə etmək üçün çoxlu kiçik düymələr var. Cihazlar panelinin 12,3-düymlük ekranı böyük bir günəşliyin altında gizlənib. Media sisteminin displeyi eyni diaqonala malikdir. 

Formal olaraq, sedan beş nəfərlikdir, lakin arxa cərgədə üç sərnişinin rahat oturması o qədər də real görünmür. Bu, ilk növbədə, sürücünün xidmətindən istifadə etməyə üstünlük verənlər üçün nəzərdə tutulmuş avtomobildir. Arxa mərkəzi dirsəkaltında "rahatlığı” - oturacaqların tənzimlənməsi, qızdırılması və havalandırması, - eləcə də digər sistemləri idarə etmək üçün taçskrin quraşdırılıb.

Crown Sedan iki versiyada təqdim olunub - hibrid və hidrogen. Üstəlik, onların hər ikisi də yalnız arxa ötürməyə malikdir. Hibrid sedan Multi Stage Hybrid System adlanan güc qurğusuna malikdir: qurğunun tərkibinə 2,5-litrlik (185 at qüvvəsi, 255 Nm) atmosfer benzin mühərriki və dartma elektrik mühərriki (180 at qüvvəsi, 300 Nm) daxildir. 

Transmissiya Lexus brendinin hibridlərindəki ilə eynidir: buraya üç planetar ötürmə (onlar daxili yanma mühərriki, elektrik mühərriki və generatoru birləşdirir) və sadə dördpilləli avtomatik transmissiya daxildir. Üçü dördə vursaq 12 sabit pilləni əldə edirik, lakin onların yalnız 10-dan istifadə olunur. Bu sxemdən ilk dəfə 2016-cı ildə Lexus LC 500h kupesində istifadə olunub. Sistemin pik gücü iki tonluq avtomobil üçün nisbətən təvazökardır - 245 at qüvvəsi.

Hidrogenlə çalışan Crown Sedan güc qürğusunu ikinci nəsil Toyota Mirai sedanından miras olaraq alıb. Xatırladaq ki, Mirai da TNGA-L platformasına əsaslanır, ona görə də heç bir dəyişiklik tələb olunmayıb. Kapotun altında 128 kilovat (174 at qüvvəsi) hasil edən elektrokimyəvi generator quraşdırılıb, arxa təkərləri isə, 182 at qüvvəli elektrik mühərriki hərəkətə gətirir. 

Hidrogen üç balonda saxlanılır: onlar mərkəzi tuneldə, arxa divanın altında və baqajdakı döşəmənin altında yerləşir. Qazın ümumi həcmi 820 kilometrlik yürüyüş üçün kifayət etməlidir. Həm hibrid, həm də hidrogen versiyada arxa oturacağın arxasında yerləşən bufer tipli litium-ion batareyası var.

Yaponiyada sedanın satışılarına noyabrın 13-nə başlamaq planlaşdırılır, lakin on altıncı nəsil Crown daxili bazar üçün eksklüziv olmayacaq: sedan Çində də satılacaq. Yapon dilerləri hibrid üçün 7,3 milyon yen (48,500 dollar), yanacaq elementləri ilə çalışan versiya üçün isə 8,3 milyon yen (55 min dollar) tələb edəcəklər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Doğan Günəş Ölkəsində Toyota hər il təxminən 7200 “Tac” satmağı planlaşdırır. Avtomobili abunə yolu ilə də əldə etmək olar: tariflər ayda 720 dollardan başlayır. İndi debüt növbəsi ailənin dördüncü üzvü olacaq Crown Estate krossoverinindir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.