Toyota bu yaxınlarda təqdim edilən bZ (Beyond Zero) elektromobillər xəttini genişləndirməyə hazırlaşır: ilkin məlumatlara görə, bZ4 indeksli krossoverdən sonra, bu xəttə bZ5 adlanacaq sedan da qoşulacaqdır. Elektrik sedanının kamuflyajlı prototipləri artıq sınaqlar zamanı qeydə alınıblar, indi isə, Yaponiyanın Chizai-watch portalı gələcək batareyalı sedanın patent təsvirləri dərc edib. Gözlənildiyi kimi, seriya modeli keçən il təqdim edilən bZ SDN konseptinin üslubunda dizayna malikdir.

Patent təsvirlərindəki avtomobil təkcə 2021-ci ilin bZ SDN konseptinə deyil, həm də bu günlərdə patent təsvirləri dərc olunmuş yeni nəsil Crown modelinə də bənzəyir. Toyota bZ5 sedanı ölçülərinə görə Camry modelindən kiçik, Corolla modelindən isə bir qədər böyük olacaqdır. Avensis modelini xatırlayanlar söhbətin nədən getdiyini anlayırlar.

Elektrik sedanı da, bZ4 krossoverindəki kimi, eyni iti kuzov xətlərinə və optikaya malikdir. İlk casus şəkillərində sedanın interyeri də nümayiş etdrilib və salonda bəzi Tesla elektrokarlarında olduğu kimi, böyük şaquli planşetin quraşdırıldığı məlumdur. Əvvəllər belə ekran Toyota avtomobillərində tətbiq edilməyib.

Güc qurğusu haqqında hələ heç bir məlumat yoxdur, lakin yaxın gələcəkdə yeni məlumatlar peyda ola bilər. Xatırladaq ki, Toyota bZ5 seriya modelinin debütü 2023-cü ildə baş tutmalıdır.

Yuxarıda qeyd olunan bZ4 krossoveri və bZ5 sedanından əlavə, bZ xəttinə ən azı daha üç model daxil olacaq: ölçülərinə görə C-HR modelinə yaxın olacaq daha yığcam krossover və subkompakt bZ Small Crossover. Sonuncunun 100 kilometrə cəmi 12,5 kilovat-saat enerji sərf etdiyi məlumdur ki, bu da daha böyük Volkswagen ID.3 elektrokarının göstəricisi ilə müqayisə oluna bilər. 

Elektrik xəttindəki beşinci model yeddiyerli bZ Large SUV krossoveridir. O, Highlander modeli ilə eyni ölçülərə malik olacaqdır

Ümumilikdə, Toyota aralarında superkarlar, pikaplar və təcrübəsiz sürücülər üçün ultra yığcam şəhər avtomobilləri də daxol olmaqla, 16 yeni elektrokarı buraxacağını bəyan edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.