Bir müddət bundan əvvəl Toyota Camry modelinin yeni nəslinin 17 noyabr tarixində debüt edəcəyi barədə məlumat vermişdirk. Bu gün yapon istehsalçısı yeni modelin növbəti tizerini dərc edərək, avtomobilin nümayiş olunacağı tarixi açıqlayıb - yeni nəsil Camry sedanı sabah təqdim ediləcək.
Xatırladaq ki, Toyota Camry modelinin cari nəsli 2017-ci ildə debüt edib və 2021-ci ildə yenilənməyə məruz qalıb. Odur ki, Toyota markasının ən populyar modellərindən biri olan sedanın tam nəsil dəyişdirmək vaxtıdır. Qeyri-rəsmi məlumatlara görə, Camry sələfi kimi TNGA-K platformasına əsaslanacaq, lakin V6 mühərrikini itirəcək. Yapon sedanının top versiyası 2,4-litrlik “turbodördlük” və 8-pilləli “avtomatla” təchiz ediləcək.
Alternativ olaraq 2,4-litrlik turbomühərrik, 6-pilləli avtomatik transmissiya və elektrik mühərriki olan hibrid sistem, həmçinin 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan təkmilləşdirilmiş benzin-elektrik versiyası təklif ediləcək. Bunu tizerdəki sedanın baqaj qapağındakı HEV emblemi də təsdiq edir.
Müxtəlif bazarlarda Toyota Camry fərqli interyer tərtibatı variantına sahib olacaq: Çində interyer daha “rəqəmsal”, ABŞ-da isə daha klassik olacaq. Çox güman ki, yaxın günlərdə yapon istehsalçısı yeni tizerləri paylaşsın, çünki digər mühüm modellərin debütündən əvvəl Toyota şirkətinin mətbuat xidməti auditoriyanın yeniliyə olan marağını artırmağa çalışıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.