Toyota şirkəti yeni nəsil Corolla hetçbeki haqqında məlumatı dərc edib. Nyu-York avtosalonunda debüt edəcək hetçbek yeni dizayna, idman tənzimləmələri olan asqıya, yeni platformaya və «hibrid» variatora sahib olub.
Yeni nəsil Toyota Corolla altı pilləli mexaniki və ya Direct Shift-CVT pilləsiz transmissiyası ilə təklif ediləcəkdir. Sonuncu 10-pilləli sekvental qutunu təqlid edir, idman rejiminə və dünyada ilk dəfə «start ötürməsinə» malikdir. Toyota Corolla Dynamic Force Engine ailəsindən olan 2,0-litrlik dörd silindrli mühərriklə təchiz edilir.
Mühərrik qarışıq çiləmə sisteminə,giriş və çıxışda qazbölüşdürmənin fazalarının dəyişdirilməsi sisteminə malikdir. Bununla belə, istehsalçı mühərrikin güc xarakteristikalarını açıqlamayıb. Əvvəllər bu mühərrikin 171 at qüvvəsi və 205 Nm hasil etdiyi bildirilibdir.
Yeni Corolla Toyota New Global Architecture modul platformasında inşa edilibdir. Bu platformadan yeni nəsil Prius və Camry modellərinin istehsalında istifadə edilir. Hetçbekin uzunluğu 4369 millimetr (+38 millimetr), eni - 1791 millimetr (+30 millimetr), hündürlüyü - 1438 millimetr (+25 millimetr), təkər bazasının uzunluğu isə 2639 millimetr (+38 millimetr) təşkil edir.
Hetçbekin baqaj qapağı təkrar emal edilən polimerdən hazırlanıb.
Yapon istehsalçısı bu materialı Toyota Super Olefin Polymer adlandırıb. Yeni modelin təchizatına işıqdiodlarından ön fənərlər, 18-düymlük təkər diskləri, 8-düymlük displeyi olan multimedia sistemi, smartfonların induksiyon doldurulması, iki zonalı klimat-kontrol, rəqəmsal cihazlar paneli və 8 dinamikli 800-vatlıq JBL səs sistemi daxildir.
Model ikinci nəsil Toyota Safety Sense təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilir. Bu kompleksin tərkibinə piyadaları aşkarlayaraq qəzaları önləyən sistem, aktiv kruiz-kontrol, zolaqda saxlama və yol nişanlarına nəzarət funksiyası, həmçinin avtomatik uzaq işıqlar daxildir.
Yeni nəsil Toyota Corolla modelinin amerikan bazarındakı satışlarına bu ilin yayında başlanacaqdır.