Toyota şirkətinin başlıca strateji modeli olan Corolla sedanının on ikinci nəsli yaxın zamanlarda işıq üzü görməlidir. Yapon şirkətinin dünya üzrə ən yaxşı satılan modelinin kamuflyaja bürünmüş prototiplərinin sınaqlarının intensivliyinin artması buna işarə edir.
Əminliklə söyləmək olar ki, yeni Toyota Corolla yapon şirkətinin TNGA (Toyota New Global Architecture) modul platformasında inşa ediləcəkdir. Artıq bu platforma Toyota Prius, CH-R, Auris və Camry modellərinin yeni nəsillərinin əsasını təşkil edir. Lakin, prototiplərin güclü kamuflyajı yeni nəsil sedanın dizaynı barədə fikir yürütməyə imkan vermir. Buna baxmayaraq, dizaynerlər bu ay keçirilən Cenevrə avtosalonunda debüt etmiş yeni Auris modelindən ilham alaraq Corolla modelinin renderlərini hazırlayıblar.
Əlbəttə, Toyota Corolla modelinin uğuru onun eksteryer dizaynından o qədər də asılı deyildir. Toyota dizaynerlərinin son işləri, artıq yapon istehsalçısının da dizayna diqqət yetirdiyinə dəlalət edir. Camry modelinin 50-ci seriyasının biabırçı dizaynından sonra 70-ci seriyadan olan sedan Toyota aşiqlərinə rahat nəfəs aldırıb. Ola bilsin ki, yeni Corolla hətta Camry modelinin kiçilmiş variantı da olsun. Lakin, bu hələlik bizim mülahizələrimizdir.
Cenevrədə təqdim edilmiş Auris iki hibrid güc aqreqatı ilə təklif ediləcək. Onlardan biri 122 at qüvvəli 1,8-litrlik, digəri isə 2,0-litrlik dördsilindrli benzin mühərriklərinin əsasında yaradılmışdır. Ən güclü hibrid qurğu 180 at qüvvəsi təklif edəcəkdir.
Çox güman ki, bu aqreqatlar da Corolla sedanının növbəti nəslinin mühərrik çeşidinə daxil edilsin.