Toyota şirkəti yeni nəsil iki miniveninin təsvir edildiyi tizeri dərc edib – bunlar Noah və onun “idman” versiyası olan Voxy minivenləridir. Yapon markasının vətənindəki model xəttinə daxil olan minivenlər daha iri Alphard və bayraqdar biznes-veni Grenace modellərindən bir pillə aşağıda yerləşirlər.

Hər iki miniven üçüncü dəfədir ki, nəsil dəyişdirirlər: ilk dəfə Noah və Voxy modelləri 2001-ci ildə, onların ikinci nəsli – 2007-ci ildə, üçüncü nəsli isə 2014-cü ildə debüt edib. Dördüncü nəsildən olan minivenlərin debütü 2022-ci ilin yanvarına planlaşdırılıb, lakin dəqiq tarix hələlik açıqlanmayıb.

Toyota Voxy modeli ənənəvi olaraq Noah minivenindən daha “aqressiv” görkəmi ilə fərqlənir. Buna baxmayaraq, Noah modeli daha güclü təkamülə məruz qalıb. Toyota Noah miniveninin dizaynı kataloqdan götürülmüş və Şəbəkəyə sızdırılmış şəkil sayəsində açıqlanıb: model üç enli üfüqi lamelləri olan iri radiator barmaqlığını alıb. Voxy isə, yüngül şəkildə dəyişdirilmiş ikimərtəbəli optikanı qoruyub.

Hər iki model xüsusi kuzov dəsti və iri təkər diskləri olan GR Sport “idman” tərtibatı ilə də təklif ediləcəkdirlər. Üçüncü nəsil Voxy və Noah modellərinə Esquire “lüks” versiyası qoşulsa da, bu versiyanın istehsalına son vermək qərarlaşdırılıb.

Ölçülərə gəldikdə isə, minivenlərin uzunluğunun 4700 millimetr olacağı gözlənilir. Onlar əvvəlki kimi üç oturacaq cərgəsinə, yeddi və yaxud səkkiz yerli konfiqurasiyaya, habelə giriş-çıxışı asanlaşdıran alçaq döşəməyə malik olacaqdırlar. Əvvəllər, bu minivenlərin Şimali Amerika bazarında satılan Toyota  Sienna modelinin inşa edildiyi qlobal TNGA platformasına əsaslanacağı bildirilmişdi.

Yapon BestCarWeb nəşrinin bildirdiyinə görə, hər iki modeli hyibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Qiymətlər isə artıq açıqlanıb: Noah modeli 2.868.000, Voxy isə 3.288.000 yenə satılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.