Toyota şirkəti nəhayət ki, yeni dəbə uyğun olaraq, 15 iyul tarixində təqdim edəcəyi 16-cı nəsil Crown modelinin ilk tizerlərini dərc edib. İlkin olaraq, yapon istehsalçısı yeni modelə həsr edilmiş videotizeri dərc edib. Sonra isə, Toyota şirkətinin ABŞ-dakı bölməsi yenmi modelin ön fənəri təsvir olunan tizeri özünün Twitter sosial şəbəkəsindəki hesabında paylaşıb.

Videotizerdə yeni “Tacın” bəzi hissələri nümayiş etdirilir ki, bunlara misal kimi, ön duman əleyhinə fənərləri, arxa işıq texnikasını və ön splitteri göstərmək olar. İkinci tizerdə isə, artıq yuxarıda qeyd etdiyimiz kimi, yeni avtomobilin ön fənəri təsvir olunub. Bununla belə, avtomobilin texniki hissəsi barədə heç bir məlumat dərc edilməyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl İnternet şəbəkəsində yeni Crown modelinin patent təsvirləri peyda olub. Görünən odur ki, bazardakı trendləri nəzərə alan yapon istehsalçısı yeni “Tacına” hündür klirensli krossover cizgilərini vermək qərarına gəlib.

Yapon kütləvi informasıya vasitələrinin əldə etdiyi məlumata görə, S235 indeksli modelin debütü 15 iyul 2022-ci il tarixində baş tutmalıdır. Gələcəkdə Crown ailəsinə kross-universal və hətta hetçbek (!) kuzovlu versiya da qoşulacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.