Toyota şirkəti, gözlənildiyi kimi, bu gün B seqmentindən olan yeni yığcam krossoverini təqdim edib. Yeni krossoverin adı rəsmi olaraq açıqlanmasa da, dərc edilmiş şəkillərdə modelin üzərində Yaris Cross yazıları olan lövhələr vardır. Bununla belə, şirkət avtomobilin bəzi texniki detallarını paylaşıb.
Məsələn, Yaris hetçbeki ilə eyni platformanı paylaşan krossoverin hibrid güc qurğusu ilə təchiz ediləcəyi məlum olub. Güc qurğusu, Toyota şirkətinin C-HR və RAV4 modellərində istifadə etdiyi sxemə əsasən yaradılmışdır.
Atkinson dövrü ilə işləyən 1,5-litrlik üçsilindrli mühərriki istiliyin faydalı iş əmsalının effektivliyini artırmaq üçün optimallaşdırılmışdır: mühəndislərin bildirdiyinə görə, bu rəqəm 40% -ə çatır ki, bu da çox yaxşı nəticə hesab olunur. Güc qurğusunun elan edilmiş ümumi gücü 116 at qüvvəsidir. Yaponlar yeni modelin AWD-i adlanan tam ötürmə sistemi ilə təchiz edildiyini də bildiriblər.
Toyota Yaris Cross modeli adi halda öndənçəkişlidir, lakin tələb olduqda sistem arxa oxu qoşur: məsələn, sürətlənmə və ya sürüşkən səthlərdə hərəkət edərkən. Sistemin elektrik komponentinin mexaniki analoqlardan daha yüngül olduğu və yanacağa qənaət etdiyi iddia edilir.
Krossover, beşqapılı Yaris modelinin də əsasını təşkil edən TNGA-B modul platformasında inşa edilib, ancaq ölçülərinə görə hetçbekdən bir qədər böyükdür. Yeni Yaris Cross modeli C-HR krossoverindən 200 millimter qısa olsa da, Yaris hetçbekindən 240 millimetr uzun olub ki, bu artımın 60 millimetri ön, 180 millimetri isə arxa kuzov çıxışına aiddir.
Yeni krossoverin təkər bazası Yaris ilə eynidir - 2560 millimetr. Bununla belə, krosssover hetçbekdən 90 millimetr hündür, 20 millimetr enlidir. Krossoverin klirensi də 30 millimetr çoxdur. Beləliklə, Yaris Cross modelinin qabarit uzunluğu 4180 millimetr, eni - 1765 millimetr, hündürlüyü isə 1560 millimetr təşkil edir.
Toyota şəhər üçün optimal olan yığcam, geniş və çevik bir krossoveri yaratdığını iddia edir. Funkisonallığa baqaj bölməsində quraşdırılan təkmilləşdirilmiş orqanayzer və Toyota şirkətinin az qala seqmentdə inqilab hesab etdiyi 40:20:40 nisbətində qatlanan arxa oturacaq cərgəsi xidmət edəcəkdir.
Yaris Cross modelinin dizaynı Toyota şirkətinin Yaponiya və Avropadakı studiyalarının stilistləri tərəfindən hazırlanmış, lakin əsasən avropalı alıcılara yönəldilmişdir. Şirkətin Fransadakı dizayn mərkəzinin rəhbəri Lens Skotun bildirdiyinə görə, bu seqmentdə avtomobilləri, ilk növbədə, parlaq dizaynına görə alırlar.
Bununla birlikdə, alıcılar avtomobilin praktikliyinə də xüsusi diqqət yetirirlər. Skotun bildirdiyinə görə, dizaynerlər bu iki əks anlayışı yeni krossoverin çöhrəsində birləşdirməyə çalışıblar. O, eyni zamanda, avtomobilin layihələndirməsi prosesi zamanı mütəxəssislərin potensial müştərilərlə çoxsaylı məsləhətləşmələr apararaq, onların əsl ehtiyaclarını və üstünlüklərini təyin etməyə çalışıqlarını da qeyd edib.
Toyota şirkəti Yaris Cross modelinin Fransanın Valansiyendəki zavodunda istehsal etməyi planlaşdırır və şirkət bu məsələdə çox iddialıdır: yaponlar yalnız Avropa bazarı üçün ildə 150 minə qədər avtomobili buraxmağı planlaşdırırlar. Bununla yanaşı, nəinki avtomobilin təxmini qiymətləri, hətta onun satışa çıxmasının təxmini tarixi belə açıqlanmayıb.