Bu günlərdə yapon sosial şəbəkələrində Toyota Raize adlı yığcam krossoverin şəkli peyda olub. Əslində, bu model Tokyo avtosalonunda nümayiş etdirilmiş Daihatsu Rocky krossoverinin əkiz qardaşıdır. 3995 mm uzunluğa malik olan krossover TNGA arxitekturasının ən yığcam modellər üçün nəzərdə tutulmuş versiyası olan DNGA modul platformasında inşa edilib.
Şəkillərdən göründüyü kimi, Toyota embleminə malik olan krossover Daihatsu Rocky modelindən ön hissənin tərtibatı ilə seçilir. Toyota Raize iri trapesiyaşəkilli radiator barmaqlığına və başqa bamperə malikdir. İlkin məlumata görə, Yaponiyada satılacaq Raize və Rocky eyni texnikaya malik olacaqdırlar. Hazırda Daihatsu Rocky 98 at qüvvəsi və 140 Nm fırlanma anı hasil edən 1,0-litrlik üçsilindrli turomühərrik, variator və ön ötürmə ilə təklif edilir. Sonradan model 1,2-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış hibrid aqreqatı ilə də təchiz ediləcəkdir.
Daihatsu Rocky
Toyota Raize modelinin təqdimat mərasimi 5 noyabrda keçiriləcəkdir. Modelin adaptasiya edilmiş versiyaları digər bazarlarda da təklif ediləcəkdir. Üstəlik, bu modellərin yapon versiyasından daha iri olacağı söylənilir. Avtomobilin modul platformasında inşa edildiyini nəzərə alsaq, ciddə xərc çəkmədən bunları həyata keçirmək olar. Toyota Raize modelinin mühərrik çeşidinə 1,5 və 2,0-litrlik mühərriklər, həmçinin 1,8-litrlik mühərrik və elektromotorun daxil olduğu hibrid qurğu da daxil edilə bilər.
Böyüdülmüş Toyota Raize modelinin ilk bazarı Cənubi Amerika olmalıdır. İlkin məlumata görə, modelin istehsalı 2021-ci ildə Braziliyanın Sorokabe şəhərindəki zavodunda yerləşdirləcəkdir. Hazırda bu zavodda ucuz kiçiklitrajlı Toyota Etios modeli buraxılır.