Triumph yeni Street Triple 798 RS modelini təqdim edib. 2027-ci il üçün hazırlanan motosiklet Moto2 üzrə yarış təcrübəsindən bəhrələnən üçsilindrli mühərriki, azaldılmış çəkisi və zəngin texniki təchizatı ilə seçilir. Almaniyada modelin qiyməti 13 995 avrodan başlayır.
Triumph 2019-cu ildən Moto2 dünya çempionatında bütün komandaları mühərriklərlə təmin edir. Bu müddət ərzində üçsilindrli aqreqatlar yarış traslarında iki milyon kilometrdən çox məsafə qət edib. Toplanan təcrübə yeni Street Triple-ın hazırlanmasında da istifadə olunub. Lakin bu dəfə söhbət əvvəlki 765 kub santimetrlik mühərrikin sadəcə təkmilləşdirilməsindən getmir.
Yeni aqreqatın iş həcmi 798 kub santimetrə çatdırılıb. Bunun üçün silindrin diametri dəyişdirilmədən porşenin gedişi uzadılıb, sıxılma dərəcəsi artırılıb, klapan mexanizmi, hava giriş və buraxılış sistemləri yenidən işlənib.
Nəticədə üçsilindrli mühərrik 11 500 dövr/dəqiqədə 135 at gücü, 9250 dövr/dəqiqədə isə 86 Nm fırlanma anı hasil edir. Bu, əvvəlki Street Triple 765 RS ilə müqayisədə 5 at gücü və 6 Nm artım deməkdir. Xüsusilə orta dövrlərdə daha güclü dartma gündəlik yollarda sürüşü daha çevik etməlidir.
Yeni altıpilləli mexaniki transmissiya standart olaraq pillə dəyişmə köməkçisi ilə təchiz edilir. Bu sistem həm yuxarı, həm də aşağı pillələrə keçərkən muftadan istifadə ehtiyacını aradan qaldırır.
Motosikletin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun çəkisidir. Yanacaq çəni dolu vəziyyətdə Street Triple 798 RS cəmi 183 kiloqramdır ki, bu da sələfindən 5 kiloqram azdır. Çəkinin azaldılması üçün yeni əsas və arxa çərçivə hazırlanıb, 15 litrlik yanacaq çəni isə alüminiumdan düzəldilib. İki çıxışlı buraxılış sistemi də artıq mühərrikin altında yerləşir. Bu həll ağırlıq mərkəzinin aşağı salınmasına kömək edir.
Asqı və əyləc sistemində də yüksək səviyyəli komponentlərdən istifadə olunub. Ön tərəfdə tam tənzimlənən Showa çəngəli, arxada isə Öhlins amortizatoru quraşdırılıb. Əyləclər Brembo Stylema mexanizmləri ilə təchiz edilib.
Motosiklet yollarda istifadəsinə icazə verilən, lakin idman xarakterli Pirelli şinləri ilə komplektləşdirilir. Trek günləri üçün nömrə nişanının tutacağını, arxa dönmə siqnallarını və sərnişin ayaqaltılarını asanlıqla sökmək mümkündür.
Dizayn baxımından model Street Triple ailəsinin tanış görünüşünü qoruyur. Ön hissədəki iki xarakterik işıq bloku yenilənib və onların arasına adaptiv döngə işıqlı LED proyektor farası əlavə edilib. Motosiklet döngəyə yatdıqda elektronika əlavə LED elementlərini işə salaraq yolun daha yaxşı işıqlandırılmasını təmin edir.
Sürücünün qarşısında Bosch şirkətinin hazırladığı 7-düymlük sensorlu ekran yerləşir. Sistem Apple CarPlay və Android Auto ilə simsiz əlaqəni dəstəkləyir. Motosiklet dayanarkən ekranı əlcəklərlə idarə etmək mümkündür, hərəkət zamanı isə sükan düymələrindən və ya səsli idarəetmədən istifadə olunur.
Elektron təchizata yeddi sürüş rejimi, start zamanı sürətlənməni optimallaşdıran Launch Control, ön təkərin istənmədən yerdən qalxmasının qarşısını alan sistem, həmçinin motosikletin yatma bucağını nəzərə alan əyləc və dartma nəzarəti daxildir. İdman xarakterli modeldə hətta qənaətcil Eco rejimi və kruiz-kontrol da nəzərdə tutulub.
Almaniyada Triumph Street Triple 798 RS-in qiyməti 13 995 avrodan başlayır. Bu, əvvəlki 765 RS modelindən 1000 avro bahadır. Motosiklet qara, mavi və qırmızı rənglərdə təklif olunacaq. Standart oturacağın hündürlüyü 836 millimetrdir, lakin əlavə seçimlər hesabına bu göstəricini 791 millimetrədək azaltmaq mümkündür.
İstehsalçının açıqladığı normativ yanacaq sərfiyyatı 100 kilometrə 5,2 litrdir. Texniki xidmət hər 10 000 kilometrdən bir və ya ildə bir dəfə həyata keçirilməlidir. Triumph dörd il müddətinə, yürüş məhdudiyyəti olmadan zəmanət verir.
Sifarişlər artıq qəbul edilir, ilk motosikletlərin müştərilərə 2027-ci ilin yanvarında çatdırılması planlaşdırılır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.











