Qardaş ölkənin bayraqdar aviadaşıyıcısı Türk Hava Yolları həm Türkiyə Böyük Millət Məclisinin 100 illiyi, həm də 23 aprel Milli Suverenlik və Uşaqlar Günü münasibətilə tarixinin ən əlamətdar uçuşlarından birini yerinə yetirib.
Səhərin erkən saatlarında İstanbuldan Ankaraya gedən Boeing 777-300ER tipli təyyarə yerli vaxtla 09:40-da paytaxtın Esenboğa Hava Limanından qalxıb. Həm qanunverici orqanın yaradılması, həm də 23 aprel tarixinin ilk dəfə qeyd olunması 1920-ci ilə təsadüf etdiyindən, uçuş nömrəsi TK1920 təyin edilib. Pilotlar nəhəng təyyarə ilə 2 saata yaxın bir müddətdə olduqca böyük ərazidə Türkiyə bayrağında olan ay və ulduz simvollarına uyğun rotada uçub. Bu, uçuşlar barədə canlı məlumatların verildiyi FlightRadar24.com saytında milyonlarla insan tərəfindən izlənilib. Uçuşdan sonra Türk Hava Yolları sosial şəbəkələrdəki rəsmi hesablarından "Dünyanın ən böyük Türkiyə bayrağı millətimizə hədiyyə olsun" yazaraq gözəl bir videorolik paylaşıb. Mustafa Kamal Atatürkün "Suverenlik qeydsiz-şərtsiz millətindir" sözünə də yer verilib. THY həm də bu xüsusi uçuşu bütün uşaqlara hədiyyə etdiyini qeyd edib.