THY Türkiyənın pandemiyaya görə evdə keçirməli olduğu ardıcıl ikinci milli bayramı - 19 maya təsadüf edən Atatürkü Anma, Gənclik və İdman Bayramının 101 illiyini xüsusi uçuşla ölümsüzləşdirib. Şirkət 23 apreldə də Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Boeing 777 təyyarəsi ilə xüsusi uçuş təşkil etmiş və havada ay-ulduz şəkli çəkmişdi. Bu hadisə flightradar24 proqramından rekord sayda - 4 milyon insan tərəfindən izlənmişdi.

Şirkət 15 mayda sosial şəbəkələrdəki səhifələrindən 19 mayda Mustafa Kamal Atatürkün milli mübarizəsinin başladığı Samsun şəhərinə İstanbuldan TK1919 nömrəli xüsusi uçuş reallaşdıracağını açıqlamışdı. Hətta xüsusi bir səhifə açılmışdı ki, insanlar buradan sərnişinsiz baş tutacaq uçuş üçün virtual bilet çap etdirə bilərdilər. Çap edilən biletlərin sayı isə 9 milyona yaxın olub. Autograph.az olaraq, biz də bu tarixi hadisədə virtual yerimizi aldıq. 

Uçuş OF adlı, TC-JYH qeydiyyat nömrəli Boeing 737-900ER tipli təyyarə ilə TK1919 kodu altında baş tutub. Bu şərəfli işdə kapitan pilot Selin Sevimli, köməkçi pilot isə Zafer Doğukan Demir olub. Qeyd edək ki, Selin Sevimli qısa müddət əvvəl kapitan pilotluq rütbəsinə yüksəlib və bunu bacaran ən gənc şəxsdir. Onun cəmi 29 yaşı var.

Yenə çox sayda insan tərəfindən FlightRadar24-dən izlənilən uçuş İstanbuldan başlayıb. Bandırma bərəsi üzərində 250 metrə qədər enən təyyarə oradakıları salamlayıb. Qalxışdan 1 saat 15 dəqiqə sonra isə Samsun Çarşamba Hava Limanına enib. Onları Samsunda yerli vali, bələdiyyə sədri, AK Parti sədrinin müavini və digər rəsmilər qarşılayıblar.

THY-nin bu addımının arxasında həm də güclü marketinq siyasəti dayanır. Şirkət həm əvvəl heç təyyarə ilə səyahət etməmiş insanların virtual da olsa, uçuşa qeydiyyat əməliyyatını yetirməsinə səbəb oldu, həm də bəlkə də, bir müddətdir evdə qalan, pandemiyaya görə aviareyslərdən istifadə etməyə çəkinən insanların şüuraltında uçuş istəyini canlandırdı. 9 milyona yaxın insanın əksəriyyətinin virtual biletlərini sosial şəbəkələrdə paylaşması isə dəyəri ölçülməz PR-dır.

Şirkətlər minimum xərclə maksimum reklama can atır ki, bu da həmin strategiyaya olduqca uyğun addımdır. O ki, qaldı əsas məsələyə, insanların duyğularına, qəlblərinə yaxşı mənada toxunaraq rəğbət qazanmağa, Türk Hava Yolları bəlkə də, bunu ən yaxşı bacaran şirkətdir.

Yekunda Türkiyəli dostlarımızı bayramları münasibəti ilə təbrik edirik!