Türkmənistan polisi ağ rəngdən başqa rəngə boyanmış avtomobillərin saxlanılmasına başlayıb. Məsələn, qanun keşikçiləri göy, qırmızı və ya yaşıl rəngli avtomobilləri saxlayaraq cərimə meydançalarına aparırlar. Bu barədə məlumatı “Türkmənistanın xronikası” saytı yayıb.
Saytın bildirdiyinə görə, bir müddət bundan əvvəl ölkədə qara rəngli avtomobillərin istismarına və satılmasına qadağa qoyulmuşdur. Artıq DYP əməkdaşları heç bir izahat vermədən nəinki qara, hətta digər tünd rənglərə boyanan avtomobilləri saxlayaraq cərimə meydançalarına aparırlar. Onlar sücülərdən ya avtomobilin istismarını dayandırmağı və yaxud onu ağ rəngə boyamağı tələb edirlər. Bundan başqa, Türkmənistanda qadınların avtomobil idarə etməsinə də qadağan qoyulubdur.
Saytın bildirdiyinə görə, redaksiyaya sürücülük vəsiqəsi almaq istəyən qadınlardan çoxlu sayda şikayət daxil olubdur. Qadınlar imtahanda qəsdən “kəsildiklərini” və ya onlardan rüşvət tələb olunduğunu bildiriblər. Jurnalistlər 2015-ci ildə qara rəngli avtomobillərin gətirilməsinə məxfi qadağanın qoyulduğunu bildiriblər. Bunun səbəbi kimi, yerli hakimiyyət orqanlarının ağ rəngin uğur gətirdiyinə inancı göstərilir. Bununla belə, bu məlumat təsdiq edilməyib.