Britaniyanın TVR markasının uzun müddətdir gözlənilən qayıdışı üçün yeni mərhələ başlayır. Markanın yeni sahibi MOTV Group TVR Automotive üzərində tam nəzarəti əldə etdiyini və yeni Griffith idman avtomobilinin Lotus-un Norfolk qraflığındakı Hethel Performance Hub kompleksində hazırlanaraq istehsal ediləcəyini açıqlayıb.

TVR-nin yeni ünvanı Lotus-un Heteldəki kompleksində yerləşən Factory 3 olacaq. Şirkət burada öz istehsal sahəsinə malik olmaqla yanaşı, Lotus-un mühəndislik və inkişaf infrastrukturu, eləcə də məşhur sınaq trasından istifadə edə biləcək. Griffith-in dinamik sınaqlarına yaxın zamanda başlanması planlaşdırılır, ilk avtomobillərin müştərilərə çatdırılması isə 2028-ci ilə nəzərdə tutulub.

TVR-nin yenidən doğulmaq cəhdi 2013-cü ildə, markanın hüquqlarının Les Edqar tərəfindən alınmasından sonra başlamışdı. Yeni Griffith 2017-ci ildə Goodwood Revival tədbirində təqdim olunmuş, istehsalın isə 2018-ci ildə Uelsin Ebbu Veyl şəhərindəki yeni zavodda başlanacağı planlaşdırılmışdı. Lakin maliyyə çətinlikləri, zavod layihəsinin həyata keçirilməməsi və digər problemlər avtomobilin istehsala başlamasını dəfələrlə təxirə saldı.

2025-ci ildə TVR Automotive Charge Holdings şirkətinin tərkibinə daxil oldu. Sonradan MOTV Group adlandırılan şirkət indi TVR üzərində tam əməliyyat nəzarətini həyata keçirir və Griffith layihəsini yenidən canlandırmağa çalışır.

MOTV Group TVR üçün yeni rəhbərlik komandası da formalaşdırıb. Şirkətin baş icraçı direktoru Pol Aberkrombi, texniki direktoru isə Tesla-nın keçmiş mühəndislik vitse-prezidenti Stiv Makmanus olacaq. Komandaya Lotus-un keçmiş pərakəndə satış inkişafı rəhbəri Trevor Veller və McLaren, Uber və SpaceX-də çalışmış Qavin Bristou da qoşulub.

2017-ci ildə təqdim olunan Griffith layihəsi Ford Mustang-da istifadə edilən 5,0-litrlik Coyote V8 mühərriki, mexaniki ötürmələr qutusu və arxa ötürmə ilə nəzərdə tutulmuşdu. 

Həmin vaxt elan edilən texniki göstəricilərə görə, mühərrik 500 at gücü hasil etməli, avtomobil isə 0-dan 100 km/saata 4 saniyədən az müddətdə sürətlənməli və 320 km/saatdan yüksək maksimal sürətə çatmalı idi. Bununla belə, yeni istehsal versiyasının yekun texniki göstəriciləri hələ də təsdiqlənməyib.

Əvvəlki layihədə Griffith karbon-kompozit kuzov və yüngül konstruksiyalı şassi ilə fərqlənirdi. Avtomobilin əsas ideyası elektron köməkçilərdən daha çox mexaniki xarakterə, sürücünün avtomobillə birbaşa əlaqəsinə və klassik idman avtomobili təcrübəsinə üstünlük vermək idi. TVR-nin yeni rəhbərliyi də markanın bu ənənəsini qorumaq niyyətində olduğunu bildirir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

TVR gələcəkdə elektrikləşdirilmiş platformalara keçidi də nəzərdən keçirir. Lakin ilkin mərhələdə əsas məqsəd Griffith-in hazırlanmasını başa çatdırmaq, yüksək keyfiyyətli istehsalı təmin etmək və avtomobili nəhayət müştərilərə çatdırmaqdır.

TVR-nin 80 illik yubileyi 2027-ci ilə təsadüf edəcək. Griffith-in 2028-ci ildə bazara çıxması planı reallaşarsa, bu, markanın uzun və çətin qayıdış tarixində ən mühüm addım olacaq. Bununla belə, TVR-nin keçmişdə dəfələrlə verdiyi vədlərin yerinə yetirilməməsi səbəbindən yeni layihənin real nəticəsini yalnız sınaqların və istehsal hazırlığının gedişi göstərəcək.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.