TVR şirkəti artıq beş ildir ki, benzin mühərrikli TVR Griffith sportkarını buraxmağa cəhd edir, buna baxmayaraq, ingilislər yeni elektromobillər hesabına öz model xəttini genişləndirməyi planlaşdırırlar. Birinci elektrokar TVR Griffith modelinin elektrik versiyası olmalıdır, sonra isə həm sedan, həm də krossover işıq üzü görməlidir. Məlum məsələdir ki, hər iki model elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. Üstəlik, TVR dünya səviyyəli premium elektromobil istehsalçısına çevrilməyi hədəfləyir.
Britaniya şirkətinin rəhbəri Les Edqar “Autocar” nəşrinə verdiyi müsahibəsində TVR markasının inkişafı planlarından danışıb və 2024-cü ildən yeni modellərin satışa çıxarılmasını nəzərdə tutan uzunmüddətli inkişaf strategiyasını təqdim edib.
İlkin olaraq, bazara Ford şirkətindən alınmış, lakin Cosworth mütəxəssisləri tərəfindən yenidən işlənmiş V8 mühərriki olan TVR Griffith kupesi çıxmalıdır. Sportkarın xüsusiyyətləri hələ də açıqlanmamış tam elektrik versiyasının buraxılışı 2024-cü ilə planlaşdırılır.
TVR üçün növbəti addım “tanınmış qlobal istehsalçıdan” alınması planlaşdırılan platformada inşa edilən elektrik sedanın və elektrik krossoverinin buraxılması olacaqdır. Bununla belə, bu modellər barədə heç bir texniki təfərrüat və hətta onların təxmini debüt tarixi belə açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.