Yığcam Audi Q3 krossoverinin üçüncü nəsli bu yaxınlarda debüt edib: modelin baza versiyası iyun ayında təqdim olunub. Lakin Q3 modeli 2019-cu ildən başlayaraq Sportback prefiksinə malik olan kupeyə bənzər versiyada da buraxılır. İctimaiyyətin belə krossover formatına olan marağının azalmasına baxmayaraq, Audi onu saxlamaq qərarına gəlib. Dünən alman istehsalçısı yeni nəsil Audi Q3 Sportback krossoverini nümayiş etdirib.

Əlbəttə ki, Sportback versiyası ilə baza krossover arasındakı əsas fərq kuzovun hündürlüyü 29 millimetr azalmış maili damı olan arxa hissəsidir. Kupeyə bənzəyən krossoverdə baqaj reylinqlərindən də imtina edilib. Beşinci qapının və onun üzərindəki spoylerin forması dəyişdirilib, lakin arxa tərəfin bütün eni boyunca uzanan LED zolağı olan daraldılmış arxa fənərlər saxlanılıb.
Qalan cəhətdən, Sportback versiyasının xarici görünüşü baza Q3 modelini təkrarlayır. Kuzov rəngləri çeşidinə iki yeni variant əlavə edilib. Təkər diskləri xüsusi aerodinamik variantlar da daxil olmaqla 17-20 düymlük ola bilərlər. Bununla belə, krossover təsiredici aerodinamikası ilə öyünə bilməz: Cd əmsalı adi Q3 ilə eyni 0,30-dur.

Audi Q3 modelinin interyer dizaynı kuzov növündən asılı deyil. Cihazlar panelinin displeyi (11,9 düym) və Android Automotive OS qabığı ilə çalışan multimedia sisteminin sensorlu ekranı (12,8 düym) ön paneldəki vahid blokdə quraşdırılıblar.
Yeni nəsildə klimat-kontrolun ayrıca pultu yoxdur, transmissiyanın idarə edilməsi sükan sütununun sağ dəstəyinə həvalə olunub, sol dəstək isə, şüşə silənlərin və işıqlarının idarə edilməsinə cavabdehdir.

Seçimlər arasında proyeksiya displeyi, qabaqcıl Sonos audio sistemi (on iki dinamik, 420 vatt) və interyerin təkmilləşdirilmiş kontur işıqlandırması var. Həmçinin, ilk dəfə olaraq, ön qapılar üçün salonda səs-küyü azaldan ikiqat şüşələri sifariş etmək olar.
Hər iki Audi Q3 modelinin baqaj həcmi eynidir (arxa oturacağın mövqeyindən asılı olaraq 488-575 litr), lakin ikinci cərgənin arxa dayaqlarını qatladıqda, fərq nəzərə çarpır: baza modelindəki 1386 litrə qarşı 1289 litr.
Artıq mexaniki transmissiyalar yoxdur — çeşiddə yalnız iki muftalı yeddi pilləli S tronic "robot" mövcuddur. Başlanğıc səviyyəli ön ötürməli versiyalar 1,5 TFSI benzin turbomühərriki və ya 2,0 TDI turbodizeli ilə təklif olunur.
Hər iki mühərrik 150 at qüvvəsinə malikdir, lakin fırlanma anı kəskin şəkildə fərqlənir: müvafiq olaraq 250 Nm və 360 Nm. 2,0-litrlik benzin turbomühərriki olan avtomobillər standart olaraq quattro tam ötürməsi (arxa oxda mufta ilə) ilə təchiz edilir. İki versiya var: 204 at qüvvəsi və 350 Nm-ə malik olan kiçik, habelə 265 at qüvvəsi və 400 Nm təklif edən daha güclü versiya.

Çeşidin zirvəsində Audi Q3 Sportback e-Hybrid plagin hibridi qərarlaşıb. 1,5 TFSI benzin (177 at qüvvəsi) turbomühərriki ilə altı pilləli "robot" arasında dartma elektrik mühərriki (116 at qüvvəsi) yerləşir.
Sistemin pik hasilatı 272 at qüvvəsi və 400 Nm təşkil edir, lakin ötürmə yalnız ön oxa ola bilər. Effektiv tutumu 19,7 kilovat/saat olan dartma batareyası elektrik ötürməsi ilə 118 kilometrlik yürüş məsafəsini təmin edir - baza Q3 krosdsoverindən 1 kilometr az.
Yeni nəsil Audi Q3 Sportback modelinin ilk əmtəə versiyası Avropadakı diler salonlarında yalnız noyabrda peyda olacaq, lakin qiymətlər artıq məlumdur. Almaniyada belə bir krossover ən azı 46 450 avroya başa gələcək, yəni Sportback versiyası adi Q3 modelindən 1 850 avro bahadır.
Plagin hibrid üçün minimum 51.150 avro tələb edəcəklər. Yeni nəsil Audi Q3 modelləri Macarıstanın Dyőr şəhərindəki zavodda istehsal olunur, lakin yığılmış və rənglənmiş kuzovu olan avtomobil dəstlərinin bir hissəsi Almaniyanın İnqolştadt şəhərindəki əsas müəssisəyə göndəriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.