Koreyanın Top-Rider nəşrinin bildirdiyinə görə, üçüncü nəsil Genesis G80 sedanı 420 at qüvvəsi və 559 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 T-GDI mühərriki ilə təchiz edilmiş idman versiyasına malik olacaqdır. "Bərkgedən" modifikasiyanın təqdimat tarixi açıqlanmır, ancaq debütün bu il baş tutması mümkündür.
Koreyalı jurnalistlər 420 at qüvvəli Genesis G80 Sport modelinin, 2.2-litrlik dizel, 2,5 və 3,5 litrlik benzin turbomühərriklərinin də tandemdə çalışdığı 8-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəyindən əmindirlər. Böyük ehtimalla, idman versiyası daha aqressiv aerodinamik kuzov dəstinə, gur səsli idman buraxılış sisteminə və idman üslubunda tərtib edilmiş interyerə sahib olacaqdır.
Yeni Genesis G80 sedanının Sport versiyasının buraxılışı məntiqli görünür, çünki sedanın əvvəlki nəsli də "qaynar" modifikasiyaya sahib idi. Genesis G80 Sport modelinin ikinci nəsli 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik V6 T-GDI mühıərriki ilə hərəkətə gəlirdi. G80 Sport sedanı 100 km/saat həddinə sürətlənməyə 6,2 saniyə sərf edirdi.
Ehtimallara görə, yeni nəsil Genesis G80 Sport modeli daxili bazarda həm arxa, həm də tam ötürmə ilə təklif ediləcəkdir. Digər bazarlarda isə, "bərkgedən" sedan tam ötürməli olacaqdır. "Bərkgedən" sedanın qlobal model olacağına şübhə yoxdur: əvvəlki nəsil sedanın idman versiyası bütün dünya bazarlarında satılırdı.
Yerli mətbuat, idman modifikasiyasının, aşağı ağırlıq mərkəzi olan yeni yüngül şassinin güclü tərəflərini açmağa kömək edəcəyinə inanır. Genesis G80 modelinin təqdimatının qısa formatda keçirilməsinə baxmayaraq, avtomobilə olan maraq böyükdür: təqdimat günü yeni sedan 22 min əvvəlcədən sifariş toplayıb.
Mənbə: Top Rider