Amerikan GMC markası ilk növbədə nəhəng çərçivəli ofrouderləri və pikapları ilə tanınır. Bununla belə, brendin model çeşidində krossoverlər də var və bu çeşidi orta ölçülü GMC Terrain krossoveri açır. Bu model 2009-cu ildən istehsal olunur və Chevrolet Equinox ilə eyni platformanı paylaşır.

Lakin iki modelin satış həcmində üçqat fərq var: keçən il Equinox ABŞ-da 213 min alıcı tapıbsa, Terrain krossoverini cəmi 72 min nəfər seçib. Chevrolet Equinox bu ilin əvvəlində nəsil dəyişdirib, indi isə, yeni GMC Terrain təqdim edilib.

Əgər əvvəllər Terrain Chevrolet brendi altındakı analoqundan əsasən brutal görünüşü ilə fərqlənirdisə, yeni avtomobildə bu fərq o qədər də nəzərə çarpmır, çünki yeni Equinox özü daha sanballı olub.

GMC krossoveri brend üçün xarakterik olan üz ifadəsinə malikdir, lakin profilində arxa dayağın böyüdülmüş üzgəci istisna olmaqla, demək olar ki, qohum Chevrolet modelinə bənzəyir. İkirəngli boyanma variantları və 17 ilə 20 düym arasında dəyişən ölçüləri olan müxtəlif təkər diskləri təklif edilir.

Amma salonda iki krossover arasındakı fərq daha çox nəzərə çarpır. Equinox iki üfüqi ekrana malik olsa da, Terrain faktiki olaraq, media sisteminin mərkəzi konsolu əvəz edən 15-düymlük şaquli ekranına sahibdir. Bununla belə, aşağıdakı analoq düymələr bloku saxlanılıb.

Virtual cihazlar (11 düym) paneli və Google Assistant artıq standart təchizata daxildir. Digər avadanlıqlara yüksək görüntülü dairəvi kameralar, daxili güzgü əvəzinə rəqəmsal arxa görüntü ekranı, simsiz enerji doldurma və 5G dəstəyi olan Wi-Fi giriş nöqtəsi daxildir. Genişləndirilmiş elektron köməkçilər kompleksinə 15 sistem daxildir.

Kapotun altında heç bir dəyişiklik yoxdur. Hələ 2021-ci ildə Terrain modelinin mühərrik çeşidi bir mühərrikə - 1,5-litrlik benzin turbomühərrikinə qədər azaldılıb. Güc aqreqatı 177 at qüvvəsi və 275 Nm hasil edir və səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.

Ötürmə - bütün təkərlərədir. Daha sonra daha sadə ön ötürməli versiyalar peyda olacaq: Chevrolet Equinox modelində belə versiyalar əvvəlcədən var və “avtomat” əvəzinə variator ilə təchiz olunurlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Amerika bazarına ilk çıxan GMC Terrain krossoveri sadə Elevation versiyasında olacaq: satışların başlanması ilin sonuna planlaşdırılır. Artıq 2025-ci ildə modifikasiya çeşidi AT4 (artırılmış klirens, “dişli” şinlər, altlığın metaldan müdafiəsi) ofroud modifikasiyası və dəbdəbəli Denali (daha çox xrom, zəngin daxili tərtibat) verisyası ilə tamamlanacaq.

Qiymətlər hələlik dərc edilməyib, lakin qabaqcıl media sisteminin və standart tam ötürmənin mövcudluğunu nəzərə alsaq, yenilik hazırda 30 min dollardan başlayan qiymətlərlə satılan cari krossoverdən daha bahalı olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.