Yığcam Jeep Compass krossoverinin ikinci nəsli 2016-cı ildə debüt edib və 2021-ci ildə yenilənməyə məruz qalıb. Artıq Jeep tamamilə yeni Compass modelini təqdim etməyə hazırdır. O, fərqli dizaynı və müxtəlif elektrikləşdirmə səviyyəsinə malik olan bir neçə güc aqreqatını alacaq. Yeniliyin bazar debütü 2025-ci ilə planlaşdırılır.
Tizerdə əvvəlki versiya ilə müqayisədə daha sanballı dizayna malik olan krossover nümayiş etdirilir. Xatırladaq ki, cari Compass modeli qısa çıxıntılara, güclü mailliyi olan ön şüşəyə və təkər tağlarındakı kvadrat şəkilli firma örtüklərinə malikdir. Hazırda satışda olan Compass krossoverinin ön və arxa tərəfi "böyük" Jeep Grand Cherokee modelinin üslubunda hazırlanıb.
Compass krossoveri STLA Medium arxitekturasına əsaslanan ilk Jeep avtomobili olacaq. O, bu platformanı Stellantis çətiri altında buraxılan Peugeot 3008/5008 və Opel Grandland kimi digər modellərlə paylaşacaq.
Platforma hər zövqə uyğun güc aqreqatlarından - həm daxili yanma mühərrikləri, həm də hibrid və elektrik aqreqatlarından istifadə etməyə imkan verir.
Avropada Compass çox güman ki, “mülayim hibrid” güc qurğusu ilə təklif olunacaq: bu isə, 136 at qüvvəli benzin və 29 at qüvvəli elektrik mühərrikinin mövcudluğu deməkdir. Bundan başqa, ilk dəfə olaraq Compass sırf elektrik versiyasında da buraxıla bilər. Tam ötürmə sistemi də təklif ediləcək.
Yeni Jeep Compass modelinin istehsalına gələn il İtaliyada başlanılacaq. Daha sonra, 2026-cı ildə onun ABŞ-dakı istehsalına start veriləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.