Orta ölçülü model 14 il ərzində ilk dəfə nəsil dəyişdirərək daha brutal və asfaltdan kənarda daha bacarıqlı olub. Müvəffəqiyyətin əsas komponentləri qorunub saxlanılır: Lexus GX çərçivə strukturuna sadiqdir və daimi tam ötürməlidir, bundan başqa ofrouderin differensial kilidləri və azaldıcı ötürmələri də yerində qalıb. Yeni alıcıları müasir üçcərgəli salon və yaxşılaşdırılmış dartma imkanları cəlb etməlidir.
İyirmi bir ildir ki, Lexus GX ofrouderinin tarixi Toyota Land Cruiser Prado modeli ilə ayrılmaz şəkildə bağlıdır, lakin üçüncü nəsil premium ofrouderi utilitar həmkarından daha əvvəl debüt edib. Yəqin ki, yapon korporasiyası pərəstişkarlarını mini-inqilab üçün hazırlayır: yeni GX nə zahiri, nə də daxili cəhətdən heç də öz sələfinə bənzəmir!
Lexus GX Overtrail+
Lexus dizaynerləri və mühəndisləri GX modelini daha bucaqlı və brutal hala gətiriblər. Ön dayağın meyl bucağı dəyişdirilib, ön oxdan ön şüşənin altına qədər "prestij məsafəsi" artırılıb, kapot isə demək olar ki, yol səthinə paralel yerləşir. Bu mənzərəni monstrşəkilli arxa güzgülər və kuzovun perimetri boyunca uzanan praktik qara örtmələr tamamlayır.
Yeni GX ofrouderi sələfindən xeyli böyükdür. Onun uzunluğu 70 millimetr (5005 millimetr), eni - 95 millimetr (2117 millimetr), təkər bazası isə 60 millimetr uzadılıb. Oforuderin hündürlüyü də 60 millimetr artırılıb. Modifikasiya çeşidinin zirvəsində 33 düymlük “palçıq” şinləri, altlığın alüminiumdan müdafiə lövhələri və rənglənməmiş plastikdən kuzov dəsti ilə təchiz edilmiş Overtrail+ zavod ofroud versiyası yerləşir.
Lexus GX Overtrail+
Lexus GX modelinin əsasını "böyük" LX, Toyota Land Cruiser 300 və Sequoia, həmçinin Tundra və Tacoma pikaplarından tanış olan çərçivəli TNGA-F platforması təşkil edir. Ofrouder öndə ikiqat köndələn qolları olan dayaqlara, arxada isə çoxqollu asqıya malikdir. Opsiyalar siyahısında tənzimlənən adaptiv AVS asqısı var. Bütün ofrouderlər mərkəzi Torsen differensialı və daha cəld elektron paylayıcı qutusu olan daimi tam ötürmə sistemi ilə təchiz edilirlər.
Kilidlənən arxa differensial və təkmilləşdirilmiş təkər artikulyasiyasına malik olan E-KDSS asqı sistemi yalnız Lexus GX Overtrail veriyasının imtiyazıdır. 265/70R18 ölçülü All-Terrain şinləri sayəsində giriş/çıxış/eniş bucaqları müvafiq olaraq 26/22/24 dərəcəyə çatır. Zavod ofroud paketi olan ofrouder adi versiyadan 20 millimetr yüksəkdir: 1935-ə qarşı 1915 millimetr.
Lexus GX Premium
Toyota səkkizsilindrli mühərriklərdən imtina edir və Lexus GX modeli də istisna deyil. 4,6-litrlik atmosfer mühərrikini Land Cruiser 300 modelindən tanış olan, 354 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik "biturboaltılıq" əvəz edib. Ötürmələr qutusu da yenidir: arxaik 6-pilləli “avtomatı” 10-pilləli versiya əvəzləyib.
Dartma imkanları da yaxşılaşdırılıb: yeni Lexus GX modeli ümumi çəkisi 3629 kiloqram olan qoşqunu yedəyə almaq iqtidarındadır. Xatırladaq ki, onun sələfində bu götərici 2948 kiloqram idi. Lakin qənaətcillikdə irəliləyiş yoxdur: altısilindrli versiya qarışıq rejimdə 100 kilometrə eyni 13,8 litr (EPA) sərf edir. Hələlik yeganə modifikasiya “550” indeksini alıb, lakin gələcəkdə GX modelinin hibrid versiyası olacaqdır.
Lexus GX Premium
İnteryerdə çoxdan gözlənilən inqilab baş verib. Ön panelin arxitekturası flaqman LX ofrouderundən daha çox LM minivenini xatırladır. Ofrouder 14-düymlük sensorlu ekranı, Apple CarPlay və Android Auto tətbiqlərini simsiz dəstəkləyən müasir mediasisteminə, 12,3-düymlük virtual cihazlar panelinə sahib olub.
Opsiyalar siyahısında proyeksiya displeyi, 21 dinamikli Mark Levinson səs sistemi, elektrikli baqaj qapısı və soyudulan dirsəkaltı var. Bundan əlavə, Lexus GX modelini ikinci cərgədəki kapitan kresloları ilə də sifariş etmək olar. Ottoman dayağı olan çoxkonturlu oturacaqlar "böyük" LX ofrouderinin imtiyazıdır.
Mühafizəkarlar yeni ofrouderi bəyənəcəklər: həddindən ziyadə “rəqəmsallaşma” yoxdur: klimat-kontrolun funksional şaybaları, transmissiyanın ənənəvi selektoru, fiziki düymələri olan çoxfunksiyalı sükan qorunub saxlanılıb. Hətta virtual cihazlar panelinin tərtibatını analoq versiyasındakı kimi stilizə etmək olar.
Lexus GX modelinin praktikliyini də itirməyib. Salon daha geniş olub, xırda əşyalar üçün saxlanc yerləri əlavə edilib, stəkan tutacaqlarının sayı 12-yə çatıb. Rəsmi şəkillərdə utilitar rezin ayaqaltıları və qalın dəri ilə üzlənmiş kresloları olan ofrouder göstərilir. Hələlik o qədər də dəbdəbəli olmayan, tünd rənglərdə olan tərtibat variantları əlçatandır.
Beşinci qapının açılma kinematikası dəyişib. Böyük ölçüsü olmayan yüklər üçün açılan şüşə nəzərdə tutulub. Yeddi nəfərlik konfiqurasiyada baqaj kiçikdir, lakin üçüncü sıranın elektrik ötürməsi peyda olub. Faydalı opsiyalar siyahısına DC çeviricisi, masaj funksiyası olan komfortlu ön oturacaqlar və ikinci sıranın qızdırılan oturacaqları daxil edilib.
Lexus Safety System + 3.0 aktiv təhlükəsizlik sistemləri kompleksi baza təchizata daxildir. Zolağa nəzarət köməkçisi, yol nişanının tanınması, piyadaların aşkarlanması funksiyası olan toqquşmadan yayınma sistemi və bütün sürətlərdə işləyən adaptiv kruiz-kontrol da var.
Yeni Lexus GX 2024-cü ilin əvvəlində satışa çıxarılacaqdır. Yeni ofrouder sələfi kimi Yaponiyada, Toyota konserninin Taharadakı zavodunda yığılacaqdır. Qiymət hələlik açıqlanmayıb, lakin amerikalı jurnalistlər hesab edirlər ki, yeni Lexus GX modelinin qiyməti 60 min dollardan başlacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.