Bu günlərdə İnternet şəbəkəsində üçüncü nəsil Volvo XC90 krossoverinin patent təsvirləri peyda olub. Hər halda, Worldscoop forumunda belə iddia edirlər. Digər tərəfdən, bu yaxınlarda Volvo şirkətinin EXC90 əmtəə nişanını da qeydə aldığı da məlum olub.
Təsvirlərdə krossoverin ənənəvi siluetini qoruyub saxladığı görünür. Krossover, eyni platformanı bölüşəcək Polestar 5 modelində olduğu kimi, nazik işıq texnikasına malikdir. Bununla yanaşı, maraqlı elementlərdən biri də radiator barmaqlığının yerində quraşdırılmış bağlı paneldir. Bu isə, növbəti nəsil Volvo XC90 krossoverinin elektrik ötürməsi ilə hərəkətə gələcəyinə işarə edir. Bir müddət bundan əvvəl qeydə alınmış EXC90 nişanı da bunu təsdiqləyir.
Məlum məsələdir ki, yeni Volvo CX90 modelinin texniki xarakteristikaları barədə məlumat yoxdur. Əlbəttə ki, elektrik krossoverini ön və tam ötürməli versiyalarda təklif edəcəkdir. Volvo EXC90 modelinin yürüş ehtiyatının 500 kilometrdən çox olacağı gözlənilir. Çox güman ki, elektrokar Android əməliyyat sisteminə əsaslanan multimedia sistemini də alacaqdır. Bənzər multimedia kompleksi Volvo XC40 Recharge modelində də quraşdırılır.
Keçən il Volvo şirkətinin rəhbəri Hakan Samuelsson yeni krossoverin adının saitlə başlayacağını bildirmişdi. Əvvəllər XC90 modelinin varisinin Embla adlandırılacağı bildirilirsə də, İsveç istehsalçısı o qədər də radikal olmayan EXC90 adını da seçə bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.