Pandemiyaya görə kommersiya uçuşlarının tamamilə dayanması meteoroloqların işini xeyli çətinə salıb. Çünki proqnozların böyük hissəsi havadakı təyyarələrdən əldə edilən məlumatlara əsasən hazırlanır.
Uçduğumuz təyyarələrdə olan müxtəlif sensorlar, kompüterlər və rabitə sistemləri uçuş əsnasında topladığı meteoroloji məlumatları avtomatik olaraq yerdəki stansiyalara ötürür. Məsələn, ABŞ-ın bu xidməti göstərən qurumu il ərzində təyyarələrdən əldə olunan 250 milyondan çox məlumata əsaslanaraq öz işini görür. Hazırkı vəziyyətdə isə yerə ötürülən məlumatların sayı təbii olaraq, kəskin azalıb. Bu da mütəxəssisləri narahat edir. Dünya Meteorologiya Təşkilatı bildirir ki, uçuşlar zamanı temperatur və küləyin gücü, istiqaməti barədə toplanan məlumatlar təkcə günlük proqnozların yox, iqlim dəyişiklikləri barədə fikirlərin formalaşmasına da kömək edir. Mərkəzi Cenevrədə yerləşən bu təşkilat gün ərzində 43 şirkətə aid təyyarələrdən təxminən 800 min siqnal aldıqlarını deyir.
Son 1 ayda alınan məlumat 80% azalıb. Bunun da hava proqnozlarına mənfi təsir göstərəcəyi gözlənilir. Uçuşların azalması həm də ərazi olaraq götürdüyümüzdə, dünyanın bir çox yerində havanın necə olacağı barədə ümumiyyətlə məlumat alınmamasına gətirib çıxara bilər. Lakin Dünya Meteorologiya Təşkilatı təkcə təyyarələrdən dəstək almır. Süni peyklər, yerdəki stansiyalardan, xüsusi izləmə sistemlərindən və dənizlərdə yerləşən platformalardan da məlumatlar gəlir. Lakin bunların heç biri təklikdə tam məlumat ötürə bilmir. Məsələn, peyklər vasitəsi ilə temperatur və rütubəti ölçmək olsa da, gözlənilən küləklər barədə heç nə demək mümkün olmur. Amma avropalı mütəxəssislər onu da deyir ki, qısa bir müddətdən sonra peyklərdə bu özəllik də olacaq və beləliklə, təyyarələrə "düşən yük" azaldılmış olacaq. Hazırda isə yük təyyarələri və bəzi fəaliyyətini davam etdirən şirkətlərin laynerləri bu işi görür. Aşağıdakı cədvəl təyyarələrdən əldə edilən məlumatların hava proqnozlarına necə təsir etdiyini göstərir.
Bu cədvəldə Avropada təyyarələrdən nə qədər məlumat alındığı, proqnozlarda onların nə qədərindən istifadə edildiyi və mart ayındakı dəyişiklik əks olunub. Bəzi məlumatlardan istifadə edilməməsinin səbəbi, onların təkrarlanmış və ya tam dəqiq olmamasıdır. 3-23 mart tarixləri arasında məlumatlarda 65% azalma müşahidə edilib.