Niderlandda qeydə alınmış Ugur Sahin Design firması Alfa Romeo 4C modelinin bazasında yaradılmış retro avtomobilinin konseptini təqdim edib. Türkiyəli dizaynerin başçılıq etdiyi atelyenin mütəxəssislərinin sözlərinə görə, bu konsept italyan dizayner Franko Skalyonenin əsərlərindən biri olan 33 Stradale modelinin müasir təcəssümüdür.
Konsept əfsanəvi pilot Tasio Nuvolarenin şərəfinə Nivola adlandırılıb. Lakin, avtomobil hələlik virtual aləmdə mövcuddur. Nivola modelinin inşası üçün orjinal 4C şassisindən istifadə ediləcəkdir. Avtomobilin kuzov panelləri isə tamamilə yeni olacaq və onları alüminium və karbon lifindən hazırlayacaqdırlar.
Potensial alıcılar tərəfindən layihəyə maraq göstərildiyi halda, Nivola kiçik tirajla buraxıla bilər. Texniki cəhətdən dəyişikliyin olacağını ehtimal etmirik. Alfa Romeo 4C 240 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən dörd silindrli turbomühərrik və robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.
Ortamühərrikli Alfa Romeo 33 Stradale Tipo 33 yarış avtomobilin ümumi yollar üçün nəzərdə tutulmuş variantı olub. Avtomobil 1967-ci ildə Monzada keçirilən idman avtomobillərinin sərgisində debüt edib. 33 Stradale modeli 16 nüsxəlik tirajla buraxılıb. Kupe 240 at qüvvəli 2,0-litrlik V8 mühərriki və 6-pilləli mexaniki qutu ilə təchiz edilirdi.