Toyota şirkəti ilk dəfə olaraq ultra-lüks Century ofrouderinin şəklini dərc edib. Bu hadisə Alphard və Vellfire minivenlərinin yeni nəsillərinin təqdimatı zamanı baç verib: ekranda gələcək modelin rəsmi tizeri nümayiş etdirilib - onun konturlarını tündləşdirilmiş fonda görmək mümkündür.
Dəbdəbəli ofrouder sürücü ilə səyahətlər üçün nəzərdə tutulmuş nümayəndəlik avtomobil kimi mövqeləndirilir, yəni əsas diqqət zəngin avadanlığa və arxa sərnişinlərin rahatlığına yönəldiləcəkdir. Jurnalistlər yeniliyi Rolls-Royce Cullinan modelinə rəqib kimi göstərirlər.
Toyota Century SUV (render)
Keçən əsrin 60-cı illərinin sonlarından etibarən Toyota şirkəti Century adı altında nümayəndəlik sedanını istehsal edir. Hazırda sedanın üçüncü nəsli buraxılır. Century modelinin cari nəsli 2017-ci ildə debüt edib. Sedan və ofrouderin paralel olaraq istehsal edilib-edilməyəcəyi və ya ofrouderin sedanı əvəz edib-etməyəcəyi hələlik dəqiq məlum deyil.
İstənilən halda Century SUV üzərində çalışmalar intensiv şəkildə davam etdirilir - Toyota artıq prototiplərin yol sınaqlarına başlayıb və bu yaxınlarda verilən açıqlamaya görə, tezliklə tizer kampaniyasına start verəcəkdir.
Toyota Century
Toyota şirkətinin baş dizayneri Saymon Hamfris də Centry ailəsinin qarşıdan gələn yeniləməsini şərh edib. "Century artıq cəsarətli dəyişikliklərə doğru irəliləyir", - Hamfris bildirib.
Bununla belə, Century SUV haqqında hələlik heç bir təfərrüat yoxdur. Şayiələrə görə, model ölçü baxımdan Land Cruiser 300 ofrouderini üstələyəcək və onun uzunluğu 5,2 metrə çatacaqdır. Arxa cərgədə Cullinan üslubunda artırılmış rahatlığa malik olan iki fərdi oturacaq quraşdırılacaqdır.
İnsayderlər ultra-lüks ofrouderin 3,5 litrlik “turboaltılığa” əsaslanan hibrid güc qurğusu ilə təchiz olunacağını iddia edirlər. Digər mənbələrə görə, yaponlar Tundra və Sequoia modellərindən tanış olan V6 i-Force Max hibrid sistemindən istifadə edə bilərlər. Əlbəttə ki, arxa ötürməli Century sedanından fərqli olaraq, SUV tam ötürmə sistemini alacaqdır.
İlkin məlumatlara görə, Toyota Century SUV modeli 2023-cü ilin ortalarında Yaponiyada debüt edəcək və yerli bazarda təqribən 10-15 milyon yenə (120-180 min manat) satılacaqdır. Müqayisə üçün qeyd edək ki, bu, Yaponiyada qiyməti 5,1 milyon yen (60 min manat) olan Toyota Land Cruiser 300 modelinin qiymətindən iki-üç dəfə bahadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.