RM Sotheby`s hərrac evi nadir tapılan avtomobillərdən biri olan 1996-cı ilin Audi S6 Plus C4 sedanını hərraca çıxarmağa hazırlaşır. V8 mühərriki ilə təchiz edilmiş "bərkgedən" S6 Plus modelini 17 ay ərzində buraxılıb. Modelin 855 nüsxəsi universal kuzovu ilə buraxılsa da, sedanların ümumi tirajı 97 nüsxədən ibarət olub.
Audi S6 Plus modelinin əsas cəhəti 4,2-litrlik V8 atmosfer mühərriki ilə təchiz edilməsidir. Xatırladaq ki, "adi" Audi S6 C4 modelləri 2,2-litrlik beşsilindrli mühərrik ilə təchiz olunurdular. 326 at qüvvəsinə sahib olan V8 mühərriki və 6-pilləli mexaniki qutu ilə təchiz edilmiş Audi sedanı 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir - belə göstəriciyə Porsche 944 Turbo sportkarı sahib idi.
S6 Plus modelinin digər fərqli xüsusiyyətləri təkmilləşdirilmiş asqı, daha məhsuldar əyləclər və zəngin avadanlıq siyahısıdır. Sedan və universalların təchizatına elektriklə tənzimlənən və yaddaş paketinə malik olan ön oturacaqlar, lyuk, salonun dəri və alkantara üzlənməsi daxil idi. Satışa çıxarılan avtomobil qara və mavi rəngli salon tərtinatı ilə fərqlənir.
RM Sotheby`s tərəfindən satışa çıxarılan Audi S6 Plus sedanı orijinal Nogaro Mavi rənginə boyanıb, onun mühərriki isə reqlament üzrə təmir olunub. Ona görə də, avtomobilin hazırkı vəziyyəti xərc tələb etmir. Hərrac evinin qiymətləndirməsinə görə, Audi S6 Plus modelinin satışından 40 ilə 60 min avro əldə edilə bilər. Hərrac 3 iyun tarixində Almaniyada keçiriləcəkdir.