Tarixin ən nadir Chevrolet Corvette avtomobillərindən biri Arizonadakı Sotheby's hərrac evi tərəfindən satılacaqdır. Bu, ilkin olaraq CanAm seriyası üçün yaradılmış yeddi litrlik mühərriklə təchiz edilmiş dünyada yeganə nüsxədə olan1969-cu ilin Corvette ZL1 rodsteridir. Qeyd etmək gərəkdir ki, bu mühərrik satış üçün nəzərdə tutulmamışdı və avtomobilin ilk sahibi ancaq şəxsi əlaqələri sayəsində onu belə bir güc aqreqatı və avtomatik transmissiya ilə sifariş etməyə müvəffəq olmuşdu. İlkin hesablamalara görə, avtomobil hərracda 2,6 – 3,0 milyon dollara satıla bilər.
1968-ci ildə Chevrolet Corvette Stingray modelinin qiymətini iki dəfə artıran RPO ZL1 opsiyası peyda olmuşdu. 4718 dollara alıcı təkmilləşdirilmiş əyləc sistemini və asqını, Positraction arxa oxunu və kontaktsız alışmanı əldə edə bilərdi, lakin vacib olan mühərrik idi. O, CanAm seriyası üçün hazırlanmış 568 at qüvvəli səkkizsilindrli yarış mühərrikinin variantlarından biri idi. O zaman bu qurğu Chevrolet markasının mühərrik çeşidindəki ən güclü aqreqat idi.
7,0-litrlik L88 alüminium mühərriki gücləndirilmiş şürgü qolu və klapanların yüksəyə qaldırılması funksiyası olan paylayıcı valı ilə seçilirdi. Onu həmçinin üçpilləli Turbo-Hydramatic 425 “avtomatı” ilə təchiz etmək olardı ki, bu da Pensilvaniya ştatının Liçburq şəhərindən olan Con U.Maherin diqqətini cəlb etmişdi. Öz əlaqələrindən istifadə edən və SCCA seriyasının ikiqat çempionu Qreydi Dəvisin dəstəyini alan Maher, diler vasitəsilə belə mühərriki olan rodsteri sifariş etməyi bacarmış ilk və yeganə özəl müştəri idi.
RPO ZL1 mühərriki sadəcə FIA/NHRA homoloqasiyası üçün nəzərdə tutulmuş bir eksperiment idi və satış üçün deyildi. Lakin Maher dostları sayəsində bu mühərriki almağa müvəffəq oldu və 21 noyabr 1968-ci il tarixində ZL1 / M40 güc qurğusunun inşasına yaşıl işıq yandırıldı. Ertəsi gün Monaco Orange rəngli rodsterə olan sifariş də təsdiqləndi. Avtomobil dreq yarışları üçün hissələr, o cümlədən buraxılış sisteminin yan tərəfə çıxan boruları və arxa körpünün ötürmə nisbəti 4.11:1 olan ehtiyat baş ötürməsi ilə çatdırılırdı.
1969-cu ilin fevralından 1972-ci ilin noyabrına qədər Corvette ZL1 Qərbi Pensilvaniyada təpəyə qalxma, avtokross və dreq yarışlarının iştirakçılarını dəhşətə gətirmişdi. Maher hətta avtomobil üçün yeni bir ləqəb də tapmışdı – Winning Automatically (“Avtomatik qalib gələn”), - bu, həm də avtomatik transmissiyaya işarə idi. Rodster 2007-ci ildə indiki sahibinə satıldı. Yeni sahibi onu tamamilə bərpa edərək və bir neçə illik Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Simeon Avtomobil Muzeyinin ekspozisiyasına təhvil verdi.
Avtomobilin iki nüsxədə inşa olunduğunu (ikincisi kupe kuzovu ilə buarxılıb) nəzərə alsaq, Corvette rodsterinin satış qiyməti çox yüksək ola bilər. Hərrac təşkilatçılarının fikrincə, söhbət 2,6 – 3,0 milyon dollardan gedir ki, bu da C3 modeli üçün heç də rekord deyil: 2014-cü ildə adi L88 mühərriki ilə təchiz olunmuş sportkar 3,82 milyon dollara satılmışdı.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.