Bu günlərdə satışa olduqca maraqlı bir avtomobil çıxarılıb: bu mövcud olan üç Heuliez Intruder kabriolet-ofrouderlərindən biridir. Satıcı avtomobilin əla vəziyyətdə olduğunu iddia edir.
Fransanın Heuliez adlı mühəndislik şirkəti, keçən əsrin 80-ci illərində öz ofrouderlərinin layihəsini hazırlayıb və hətta üç prototipi inşa edib. Intruder avtomobilinin vacib xüsusiyyəti onun kuzovu idi. Məsələ, avtomobilin ekstravaqant görünüşündə deyil, onun yaradılmasında tətbiq edilmiş orijinal mühəndislik həllindədir: Heuliez Intruder, əslində əsl ofrouderin və avtomatik qatlanan metal damı olan avtomobilin ilk hibridi idi.
İntruder modelinin əsasını o zamankı Mercedes-Benz G 320 modeli təşkil edib - buraya həm şassi, həm də güc qurğusu daxildir. "Yolsuzluq kabrioleti" 215 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 3,2-litrlik altısilindrli mühərrik, dörd diapazonlu avtomatik transmissiya və bütün kilidləri olan tam ötürmə sistemi ilə təchiz edilmişdir.
Avtomobilin şassisinin və dam örtüyünün qatlanma mexanizminin mükəmməl vəziyyətdə olduğu iddia edilir. Intruder modelini satışa çıxaran DK Engineering şirkətinin məlumatına görə, bütün mexanizmlərin tam bərpasına 280 min avro xərclənib. Bununla yanaşı, satıcı hansı qiymətə unikal ofrouder ilə saöollaşmağa hazır olduğu barədə məlumat verməyib: avtomobilin qiyməti yalnız onu almaqda maraqlı olan şəxsin sorğusuna əsasən bildiriləcəkdir.