Böyük Britaniyada, Collecting Cars hərracında nadir tapılan Mercedes-Benz SLR McLaren rodsteri satışa çıxarılıb. McLaren Edition modifikasiyasında olan rodster cəmi 2.730 kilometr yürüş edib. Hazırda avtomobilin qiyməti 310.000 funt sterliq təşkil edir.
Mercedes-Benz SLR McLaren 2007-ci ildə konveyerdən çıxıb. İki il sonra, superkar McLaren Special Operations (MSO) bölməsində ilk modifikasiyadan keçirib. Avtomobilin orijinal gümüş rəngi ağ rənglə əvəzlənib. Bundan əlavə, rodster idman aerodinamik kuzov dəsti, yeni qara təkər diskləri, eləcə də gücləndirilmiş asqı və buraxılış sistemiinn yan tərəfdəki çıxış boruları ilə təchiz edilib. Avtomobilin salonunda yeni oturacaqlar və karbon işləmələr quraşdırlıb.
Bir il sonra, McLaren Edition bölməsinin mühəndisləri rodsterə karbon hazırlanmış sükan çarxını və yan güzgü gövdələrini, eyni zamanda, qırmızı idman oturacaqlarını əlavə ediblər. Bundan başqa, idman avtomobilinin əyləc supportları da qırmızı rəngə boyanıb. Son dəyişiklik isə, bir neçə il əvvəl baş verib - avtomobilin kuzovu tünd boz metal rənginə boyanıb.
SLR McLaren rodsterinin kapotunun altında 625 at qüvvəsi və 780 Nm fırlanma anı hasil edən 5,5-litrlik V8 mühərriki yerləşir. Superkarın maksimal sürəti saatda 332 kilometrdir. Satıcının sözlərinə görə, müntəzəm texniki xidmət və 2.730 kilometrlik yürüş sayəsində avtomobil mükəmməl vəziyyətdədir.
McLaren Edition, avtomobillərini fərdiləşdirmək istəyən superkar sahibləri üçün nəzərdə tutulmuş eksklüziv bir proqramdır. Bu günə qədər mühəndislər altı rodster daxil olmaqla, yalnız 25 modeli təkmilləşdiriblər. Satışa təqdim olunan nüsxə bu seriyadan olan ilk avtomobildir. Altı unikal rodsterlərdən birini 310,000 funt sterlinqə almaq olar.
İyul ayının sonunda RM Sotheby's nadir tapılan 2009-cu ilin Mercedes-Benz SLR McLaren Stirling Moss spidsterini satışa çıxarıb. 8500 kilometr yürüşü olan karbon kuzovlu spidsteri1,9-2,2 milyon avroya satmaq cəhdi uğursuzluqla nəticələnib.