Barrett-Jackson hərrac evinin satışlarına unikal Porsche 918 Spyder superkarı çıxarılıb. Bu 918 ədəd buraxılan superkarların arasında Voodoo Blue rənginə boyanmış avtomobildir. Hərraclar 19-21 oktyabr tarixlərində Las-Veqasda keçiriləcəkdir.
Son iki ildə avtomobil Ostin şəhərində yerləşən Rock and Rolls Car Museum muzeyində nümayiş etdirilib. Lotla bağlı məlumatda bu avtomobilin buraxılmış 918 superkarlardan 184-cü nüsxəsi olduğu bildirilir. Hazırda superkarın odometrində 1200 mil (1920 kilometr) vardır. Xatırladaq ki, bu ilin yazında RM Sotheby’s hərrac evi digər bir unikal Porsche 918 Spyder modelini hərraca çıxarmışdı. Həmin avtomobil də Arrow Blue rənginə boyanmış yeganə superkar idi.
Porsche 918 Spyder superkarı 4,6-litrlik səkkiz silindirli mühərrik və iki elektromotorla hərəkətə gəlir.Hibrid güc qurğusu 887 at qüvvəsinə və 1280 Nm fırlanma anına malikdir. Weissach dəsti ilə təchiz edilmiş Porsche 918 Spyder modeli 100 km/saat həddinə 2,6 saniyəyə sürətlənir. Yerindən 300 km/saat sürətinə çatmaq üçün rodsterə 19,9 saniyə tələb olunur. Avtomobilin maksimal sürəti 350 km/saat həddində məhdudlaşdırılmışdır.