Əgər BMW M5 sedanlarının həyat xətti 1984-cü ildən bəri fasiləsiz davam edirsə, M5 Touring unversalları haqqında bunu söyləmək olmaz. Modelin tarixi boyunca beşqapılı versiya iki nəsldə olub: BMW M5 Touring E34 seriyası (1992-1995) 891 nüsxədə buraxılıb, E61 nəslindən olan universal (2007-2010) isə, bir az çox - cəmi 1025 nüsxədə istehsal edilib.
Sonradan BMW M bölməsi daha populyar olan krossoverlərə üstünlük verərək "bərkgedən" universallarının istehsalı ideyasını dəfələrlə rədd edib. Ancaq iki il əvvəl bazara daha kiçik BMW M3 Touring universalı çıxıb. Göründüyü kimi, bazar onu yaxşı qəbul edib, odur ki, indi BMW M5 Touring işıq üzü görüb – bu tarixdəki üçüncü M5 universalıdır.
Texniki cəhətdən G99 koduna malik olan “bərkgedən” universal bu yaxınlarda təqdim edilmiş G90 sedanı ilə tam unifikasiya olunub. Hibrid güc qurğusuna 4,4-litrlik V8 biturbo mühərriki (585 at qüvvəsi, 750 Nm) və səkkiz pilləli avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki (197 at qüvvəsi, 280 Nm) daxildir.
Sistemin ümumi hasilatı 727 at qüvvəsi və 1000 Nm-ə bərabərdir. Lakin belə göstərici yalnız tam doldurulmuş dartma batareyası ilə əlçatandır.
Batareya salon döşəməsinin altında quraşdırılıb və onun 18,6 kilovat/saatlıq effektiv tutumu elektrik rejimində 67 kilometrlik yürüş ehtiyatına kifayət etməlidir. Elektrik dartması ilə maksimal sürət 140 km/saatdır.
M xDrive transmissiyası ön oxda muftaya və aktiv arxa differensiala malikdir. Lakin, baza sedanı kimi, universal yalnız muftanın deyil, həm də sabitləşdirmə sisteminin söndürüldüyü arxa ötürməli rejimə də malikdir.
BMW M5 Touring universalı, gözlənildiyi kimi, sedandan daha ağır alınıb: 2475 kiloqram. Xatırladaq ki, sedanın müvafiq göstəricisi 2435 kiloqramdır! İcazə verilən ümumi çəki üç tonu keçib: 2940 əvəzinə 3050 kiloqram. Beləliklə, pasport üzrə ilk “yüzlüyə” sürətlənmə müddəti 3,5-dən 3,6 saniyəyə qədər artıb. Elektron məhdudlaşdırılan maksimal sürət dəyişməz olaraq qalır: 250 km/saat. Opsional M Driver’s Package paketini sifariş etdikdə bu hədd 305 km/saata çəkilir.
Yük-sərnişin imkanlarına gəlincə, M5 universalının yük bölməsinin tutumu 500 litrdir, baxmayaraq ki, adi 5 Series Touring modelində bu göstərici 570 litrdir. Arxa cərgənin qatlanması halında bu göstərici 1700 əvəzinə 1630 litr tutur.
Yeri gəlmişkən, bütün BMW M5 modelləri üçün (sedan da daxil olmaqla) iki tona qədər çəkisi olan qoşquları yedəyə almağa imkan verən zavod farkopunu sifariş etmək mümkündür.
BMW M5 Touring modelinin satışına cari ilin noyabr ayında start veriləcək. Üstəlik, şirkət M5 Touring modelini təkcə universalların populyar olduğu Avropa bazarında deyil, həm də okeanın o tayında satmağı planlaşdırır: “bərkgedən” universal üçün ilk beş prioritet bazar Almaniya, İngiltərə, İsveçrə, ABŞ və Kanada hesab olunur!
Öz vətənində M5 Touring minimum 146 min avroya başa gələcək. M5 sedanı üçün isə, ən azı 144 min avro istənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.