Bir il yarım bundan öncə, Porsche şirkətinin rəhbərliyi Taycan modelinin bazasında inşa edilmiş və hündür klirensə malik olan elektrik universalının istehsalına «yaşıl işıq» yandırıb.
Xatırladaq ki, adı çəkilən universal 2018-ci ildə Mission E Cross konsepti kimi təqdim edilib. Şirkət elektik universalının istehsalına 2019-cu ildə başlamağı planlaşdırsa da, onu gerçəkləşdirə bilməyib: Taycan modeli üzərindəki çalışmaların uzanması beşqapılı modelin istehsalını təxirə salıb. Buna baxmayaraq, keçirilmiş illik mətbuat konfransında Porsche nümayəndələri elektrik universalının seriya versiyasının təqdimatının 2020-ci ilin sonuna qədər başlayacağını bildiriblər.
Porsche Mission E Cross
Yayılan illik hesabatda gələcək elektrik universalı Porsche Taycan Cross Turismo adı ilə tanıdılıb. Eyni zamanda, sənəddə yeni nəsil Macan elektrik krossoverinin istehsalına başlanması barədə də məlumatlar var: plana görə, elektrik krossoverinin 2022-ci ildə bazara çıxacağı yazılıb. Porsche Macan elektrokarı Audi ilə birlikdə hazırlanmış PPE (Premium Platform Electric) platformasında inşa ediləcəkdir. Krossoverin baza versiyası arxa oxda quraşdırılmış elektrik mühərrikinə malik olacaqdır, lakin iki mühərrikli tam ötürməli modifikasiyalar da nəzərə tutulub.