Audi özünün V10 mühərrikli son modelini təqdim edib – bu, Almaniyada debüt etmiş R8 GT kolleksiya superkarıdır. Yeni versiya arxa ötürməli Audi R8 RWD Performance modelinə əsaslanır, lakin orijinaldan karbondan hazırlanmış aqressiv aerodinamik kuzov dəsti, gücləndirilmiş 5,2-litrlik atmosfer mühərriki, yüngül kuzovu və salondakı dekoru ilə fərqlənir.
GT seriyasının tirajı 333 nüsxə ilə məhdudlaşdırılıb. Kolleksiya avtomobilinin satışları 2023-cü ildə başlanmalıdır. R8 GT modelinin Almaniyadakı qiyməti 225 min avrodan başlayır.
Audi R8 GT superkarı ilə adi superkarlar arasındakı əsas fərq yarış kupelərinin ruhunda hazırlanmış kuzov dəstindən ibarətdir: iri arxa antiqanad quraşdırılıb, diffuzor dəyişdirilib, bamperlərdə splitterlər peyda olub. Bundan başqa, GT seriyasından olan kupelər mütləq şəkildə zavod antixromu və antrasit rəngli 20-düymlük təkər diskləri ilə təchiz olunurlar.
Texniki təkmilləşdirmələr nöqtəvaridirlər: kupenin avadanlıq siyahısına gücləndirilmiş plastikdən hazırlanmış sabitləşdiricilər, keramika əyləcləri və çalaşəkilli oturacaqlar əlavə edilib. Avtomobilin boş çəkisi simvolik 20 kiloqram azaldılıb (1570 kiloqrama qədər), V10 atmosfer mühərrikinin gücü isə 50 at qüvvəsi artırılıb.
GT indeksli superkar tam ötürməli R8 Performance modeli ilə eyni gücə - 620 at qüvvəsinə malik olan yeganə arxa ötürməli R8 modelidir. 565 Nm-lik (üstəgəl +15 Nm) maksimum fırlanma anı 6400 dövr/dəqiqədə əlçatandır.
Audi R8 GT modelinin salonu tərtibatı ilə seçilir: mərkəzi konsolda avtomobilin sıradakı fərdi nömrəsi olan lövhə var, profilli oturacaqlar, kandarlar və ayaqaltılar xüsusi bəzəyə malikdirlər. Fərdiləşdirmə imkanları məhduddur: V10 mühərrikli “vida” kupesini tutqun boz, boz və ya tünd qırmızı metallik rəngdə sifariş etmək olar, 2012-ci ilin R8 GT superkarının ruhunda olan qara-qırmızı salon isə yeganə seçimdir.
Audi R8 GT modeli R8 ailəsindəki ən sürətli modifikasiya deyil. GT versiyası 100 km/saata 3,4 saniyəyə, 200 km/saat həddinə isə 10,1 saniyəyə sürətlənir. Kupenin maksimal sürəti 320 km/saatdır. Lakin xüsusi versiya drift üçün uyğunlaşdırılıb: Audi yan tərəfə sürüşməklə hərəkətə imkan verən yeddi hərəkət rejimini əlavə edib və “nəzarət olunan izafi dönmə qabiliyyətini” vəd edir.
Almaniyada Audi R8 GT modeli 225 000 avroya başa gələcək ki, bu da son məhdud buraxılışlı analoq superkar üçün çox cəlbedici qiymətdir. Eyni qiymətə tam ötürməli Audi R8 Performance spayderini də almaq olar. Artıq R8 GT modelinin “açıq” versiyasının olmayacağı, superkarın varisinin elektrik ötürməsinə keçəcəyi açıqlanıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.