Vanquish - DBS - Vanquish - DBS... Son iyirmi ildə Aston Martin brendinin seriya top modellərinin debüt ardıcıllığı belə görünür. Şirkət bu düzülüşü heç zaman pozmayıb, ona görə də 2018-ci ilin Aston Martin DBS superkarı yenidən Aston Martin Vanquish adlı avtomobillə əvəz olunub.
Bu model tamamilə fərqli ola bilərdi, çünki hələ 2019-cu ildə Cenevrə avtosalonunda yeni V6 mühərriki olan ortamühərrikli Aston Martin Vanquish Vision konseptual kupesi debüt etmişdi. Kupenin seriya istehsalına başlamaq 2023-cü ilə planlaşdırılırdı. Lakin bu layihə əvvəlcə təkmilləşdirilməyə göndərildi, sonra fasilə elan olundu. Yeni Vanquish isə, sələflərinin konsepsiyasını saxlayıb. Əgər sonuncu DBS modeli DB11 superkarına əsaslanırdısa, Vanquish modernləşdirilmiş DB12 modelinin qohumudur.
Ən başlıcası odur ki, ilk versiyası DB11 modelində debüt etmiş firma V12 biturbo mühərriki qorunub saxlanılıb. Mühərrik geniş şəkildə yenidən işlənilib: silindr bloku və sürgü qolları gücləndirilib, başlıqlar, paylayıcı vallar, giriş və çıxış sistemləri dəyişdirilib, alışdırma şamlarının yeri yenidən işlənib, daha səmərəli püskürtmə ucluqları və yeni aşağı ətalətli turbokompressorlar quraşdırılıb.
İş həcmi dəyişməyib (5,2 litr), lakin məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb: əgər DBS 770 Ultimate vida versiyası 770 at qüvvəsi və 900 Nm-ə malikdirsə, Vanquish 835 at qüvvəsi və 1000 Nm təklif edir. Boost Reserve funksiyası peyda olub – o, qısa müddət ərzində üfürmənin təzyiqini normadan çox artırır ki, mühərrik maksimal dartmanı daha yeyin hasil etsin.
Arxa oxun qarşısında quraşdırılmış səkkiz pilləli ZF avtomatik transmissiyası yenidən sazlanıb və indi pillələri daha tez dəyişə bilir. Özükilidlənən differensialın əvəzinə, 135 millisaniyədə tam “kilidlənmə” qabiliyyətinə malik olan elektron idarəolunan differensial quraşdırılıb.
Üstəlik, bu kilidləmə üç iş rejiminə (Standart, Track, Wet) malikdir və onu söndürmək qabiliyyətinə sahib olan yeni sabitləşdirmə sistemi ilə tandemdə işləyir. Baş cütlüyün ötürmə nisbəti, DB12 modelindən fərqli olaraq, dəyişməyib (2,93:1).
Vanquish kuzovun alüminium strukturunu qoruyub saxlayıb, lakin indi həm sələfi DBS modelindən, həm də yeni DB12 modelindən ciddi şəkildə fərqlənir. Ön ox irəli çəkilərək təkər bazasının 80 millimetr (2885 millimetrə qədər) artmasına səbəb olub.
Arxa tərəfin strukturu və dizaynı tamamilə dəyişdirilib: kupe şaquli arxa paneli (karbonplastindən hazırlanır) və spoyler olan “Kamma quyruğunu” alıb. Daha güclü alt çərçivələr və avtomobilin altındakı əlavə gücləndiricilər kuzovun uzununa sərtliyini 75% artırıb (DBS kupesi ilə müqayisədə).
Şassinin arxitekturası dəyişməyib (öndə ikili köndələn qollar, arxada çoxqollu), lakin bütün həndəsə yenidən işlənib, təkər izi isə genişləndirilib. Daha sərt köndələn dayanıqlılıq stabilizatorları və geniş tənzimləmə diapazonuna malik olan yeni Bilstein DTX adaptiv amortizatorları quraşdırılıb.
Sükanın başqa elektrik gücləndiricisi peyda olub. Öndə 410 millimetrlik, arxada isə 360 millimetrlik diskləri olan karbon-keramika əyləc mexanizmləri standart avadanlıqdır.
Həmçinin, Vanquish artıq bazada elektroxrom şüşəli panoram dam və matrisa faralarına malikdir, irəli çıxan qapı tutacaqlarında elektrik ötürməsi peyda olub.
Vanquish modelinin tamamilə yeni interyeri DB12 modeli ilə eyni üslubda hazırlanıb, lakin onu təkrarlamır: məsələn, mərkəzi tunel demək olar ki, üfüqi vəziyyətdədir, media sisteminin ekranı (10,25-düymlük) daha kiçik bucaq altında quraşdırılıb. Vanquish modelində yalnız iki oturacağı var, oturacaqların arxasında isə, çantalar üçün yerlər nəzərdə tutulub.
Bütün yeniliklər Vanquish modelini sələfinə nisbətən nəzərəçarpacaq dərəcədə ağırlaşdırıb: kupenin təchiz edilmiş kütləsi DBS modelindəki 1845-a qarşı 1910 kiloqramdır. Lakin eyni zamanda maksimal sürət 340-dan 345 km/saata yüksəlib (bu, ən sürətli seriya Aston Marton modelidir), 100 km/saata sürətlənmə vaxtı isə, 3,4-dən 3,3 saniyəyə endirilib.
Aston Martin ildə minə qədər Vanquish superkarı istehsal etməyi planlaşdırır. Onun başlanğıc qiyməti təxminən 300 min funt sterlinq təşkil edir. Yeni avtomobillər ilk müştərilərə cari ilin dördüncü rübündə təhvil veriləcək. Şirkət V12 mühərrikinin bütün mövcud ekoloji standartlara uyğun olduğunu bəyan edib, ona görə də Vanquish ən azı 2030-cu ilə qədər istehsal olunacaq. Bəlkə də daha çox...
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.