Yeni Mercedes-AMG C 63 S 4Matic+ E Performance və GLC 63 S modelləri alıcılarda maraq doğurmur. Bunun bir neçə səbəbi var, lakin əsas səbəb, əlbəttə ki, V8 mühərrikindən imtinadır. Xatırladaq ki, alman istehsalçısı onu M 139 “turbodördlüyünə” əsaslanan hibrid güc qurğusu ilə əvəzləyib. AMG bölməsinin rəhbəri Mixael Şibenın bildirdiyinə görə, konsepsiyanın belə radiakal şəkildə dəyişməyi heç də müştərilərin ürəyincə olmayıb.
AMG rəhbəri brendin prinsipial olaraq V8 mühərrikini seçən müştəriləri itirdiyini etiraf edib. Lakin alman istehsalçısı bunu problem saymır və sadəcə olaraq, yeni texnologiyanın üstünlüklərini müştərilərə daha aydın şəkildə çatdırmağı təklif edir.
Əlbəttə ki, hər kəsi 100 km/saata sürətlənmə rəqəmləri və ya maksimal sürət həddi ilə heyran etmək olar, lakin qiymətə gəldikdə, məlum olur ki, C 63 S, məsələn, sıralı altısilindrli mühərriki olan BMW M3 Competition xDrive modelindən daha bahalıdır
Dinamikada qazanc AMG modelinin xeyrinə cəmi 0,1 saniyə olsa da, Almaniyada iki avtomobil arasındakı qiymət fərqi 10 min avro ətrafındadır.
2023-cü ildə, satışların başlanğıcında C 63 S 4Matic+ E Performance modeli demək olar ki, alınmayıb. Çətin ki, vəziyyət ciddi şəkildə dəyişib, əks halda nədən Mercedes-Benz şirkəti keçən il bu avtomobilləri 20% endirimlə satsın? Yəqin ki, ötən ilin sonunda Top-End seqmentində satışların azalması hibridlərə tələbatın az olması ilə də izah edilə bilər.
Əslində, Top End (Mercedes-AMG, S-Class və G-Class daxil olmaqla) sinifində satışlarla bağlı vəziyyət birmənalı deyil. 2024-cü ilin son üç ayında artım 32% olub, G-Class və Mercedes-AMG rüblük rekorda imza atıb. Mercedes-AMG GT və Mercedes-AMG GLC yaxşı dinamika nümayiş etdiriblər, lakin C-Class haqqında bir kəlmə belə deyilmir.
Bütün il ərzində Top End 281.500 avtomobil satıb ki, bunun da təxminən yarısı S-Class sedanın payına düşür. Satışların 2023-cü illə müqayisədə 14% azalması Çindəki iqtisadi problemlər, model diapazonunun dəyişməsi və elektromobillərə tələbatın azalması ilə əlaqələndirilir.
Hətta belə nəticələr də, C-Class modellərinin yenidən V8 mühərriki ilə təchiz ediləcəyinə zəmanət vermir. Lakin səkkizsilindrli mühərrik digər AMG modellərində - CLE kupesində və kabrioletdə quraşdırıla bilər. Qeyri-rəsmi məlumatlara görə, ikiqapılı modellər 585 at qüvvəli 4,0-litrlik M 177 mühərrikinə əsaslanan “mülayim” hibrid sisteminə sahib olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.