Chevrolet Camaro və Dodge Challenger modellərinin istehsalı bu yaxınlarda dayandırılsa da, Ford Mustang nəinki nəsil dəyişdirib, hətta satış coğrafiyasını belə genişləndirir! Yeni Mustang Avropa qitəsinə gəlib çatıb və əfsanəvi maslkar avropalılara yalnız güclü V8 mühərrikləri ilə təklif olunur.
Bununla belə, ABŞ-da Mustang modelini dördsilindrli mühərriklə də almaq mümkündür! Üstəlik, “bərkgedən” Mustang Dark Horse versiyası da Avropada əlçatan olacaq. Lakin Avropa spesifikasiyasında olan maslkarın güc göstəricilərində alıcıları heç də sevindirməyəcək dəyişikliklər var.
Zahiri cəhətdən Köhnə Dünyada satılan Mustang praktiki olaraq amerikan versiyadan fərqlənmir: ön nömrə nişanı üçün platforma və uyğunlaşdırılmış optika modelin imicinə heç bir şəkildə təsir göstərməyib. Lakin yeni kuzov rəngləri əlçatandır - mavi Ember və Vapor, habelə sarı Splash.
Alıcılar Getrag firmasının altı pilləli mexaniki transmissiyası və ya on pilləli “avtomat” arasından seçim edə bilərlər. Tərkibinə daha böyük Brembo əyləcləri və yüksək sürtünməli differensialı daxil olan Performance paketi artıq bazada quraşdırılıb, MagneRide adaptiv asqı isə, opsiyadır.
Avropaya yolunda Mustang modeli "atlarının" bir hissəsini itirib və bu, avropalı alıcıları gözləyən əsas xoşagəlməz sürprizdir. Buna səbəb mühərriklərin Euro-6d ekoloji normlarına uyğunlaşdırılmasıdır.
Məsələn, 5.0-litrlik Coyote V8 mühərriki olan Ford Mustang GT (kupe və ya kabriolet) modeli Avropa spesifikasiyasında cəmi 446 at qüvvəsi və 540 Nm fırlanma anına malikdir.
Amerikada isə, eyni mühərrik 487 at qüvvəsi və 562 Nm hasil edir. Üstəlik, ABŞ-da hasilatı 493 at qüvvəsi və 563 Nm-ə qədər artıran aktiv çəpərcikləri olan opsional buraxılış sistemi də mövcuddur. Mexaniki transmissiyalı kupe 100 km/saat həddini 5,4 saniyəyə, avtomatik transmissiyalı isə, 5,0 saniyəyə toplayır.
“Bərkgedən” Dark Horse versiyasının hasilatı daha çox azaldılıb. "Tünd atın" 5,0-litrlik mühərriki 507 at qüvvəsi və 567 Nm fırlanma anının əvəzinə 453 at qüvvəsi və 540 Nm hasil edir.
Beləliklə, Dark Horse variantının xüsusiyyətləri əlavə dayaqları, arxada daha qalın stabilizatoru və öndə daha sərt amortizatorları olan yenidən tənzimlənmiş şassidir, 19-düymlük disklər isə, Pirelli P Zero PZ4 şinləri ilə təchiz edilib.
100 km/saat həddinə sürətlənmə müddəti mexaniki transmissiyalı kupe üçün 5,2 saniyə, yenidən tənzimlənmiş avtomatik transmissiyası olan versiya üçün isə, 4,4 saniyə təşkil edir.
Bütün bunlara baxmayaraq, Avropada qiymətlər ənənəvi olaraq Amerikadakından yüksəkdir. Məsələn, Almaniyada Ford Mustang GT modelinin qiyməti 59 900 avrodan (ABŞ-da - 42 710 dollardan) başlayır.
Ekstremal Mustang Dark Horse üçün isə, ən azı 72,500 avro istənilir, halbuki ki, “tünd” versiya amerikalılara 59,485 dollara başa gəlir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.