Bir müddət əvvəl tizerin buraxılması modelin debütünün yaxın bir neçə gün, həftə və ya aylarda baş tutacağından xəbər verirdi. Bununla belə, indi vəziyyət dəyişib, çünki avtomobil istehsalçıları təqdimatı yalnız bir neçə ildən sonra keçiriləcək avtomobillərin tizerlərini dərc etməyə başlayıblar. Məsələn, Volkswagen Group konsernini götürək - alman konserni yalnız üç ildən sonra peyda olacaq üç elektromobilin eskizlərini dərc edib.
Bu büdcə elektrik avtomobilləri İspaniyada istehsal ediləcək və VW e-up!, Skoda Citigo-e iV və SEAT Mii Electric modellərinin davamçıları olacaqlar.
Qeyd etmək lazımdır ki, tizerdə təqdim olunan yığcam Volkswagen modeli 2021-ci ilin sentyabrında Münhendə keçirilən IAA sərgisində təqdim olunan ID.Life konseptindən əhəmiyyətli dərəcədə fərqlənir və kiçildilmiş ID.3 modelinə bənzəyir.
Cupra modelinin tizeri heç də yeni deyil, çünki VW Group konserninin ispan bölməsi bu eskizi 2021-ci ildə paylaşmışdı. Bununla belə, yeni elektrokar, gözlənildiyi kimi, UrbanRebel konseptinin üslubunda aqressiv eksteryerə malik olmayacaqdır.
Buna baxmayaraq, Cupra adı açıqlanmayan yeni modelin “bərkgedən” versiyasını yaratmaq niyyətindədir, lakin onun təchiz ediləcəyi elektrik qurğusunun gücü UrbanRebel konseptindəki 429 at qüvvəsindən xeyli aşağı olacaqdır.
Skoda elektrokarına gəldikdə, o, bu üçlüyün ən praktik üzvü olacaqdır. Çexlər sərnişinlər və onların yükləri üçün salonda daha çox yeri təmin etmək məqsədilə xüsusən kvadrat kuzov yaratmağa çalışıblar. Plastik örtməli böyük təkər tağları isə, avtomobilin psevdokrossover xüsusiyyətlərinə sahib olacağını göstərir.
Xatırladaq ki, VW Group yığcam elektromobillər üçün yeni MEB Small platformasinı hazırlayır. Elektrokarların ön oxda yerləşən bir elektrik mühərrikinə sahib olacaqları artıq məlumdur. Tam ötürməli versiyalar isə, ümumiyyətlə olmayacaqdır. Büdcə modellərinin təxmini qiymətlər 20 min avrodan başlayacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.