Opel şirkəti yaxın zamanlarda Astra modelinin yeni nəslini təqdim etməyə hazırlaşır. Məlum olduğu kimi, Opel modelləri Britaniyada Vauxhall markası altında buraxılırlar. Bu dəfə tizer kampaniyasına Vauxhall da qoşulub. Yeni Astra modeli ön hissənin firma Vizor dizaynını əldə edəcək və Stellantis ittifaqının EMP2 platformasına keçəcəkdir.
"AutoExpress" nəşrinin dizaynerləri casus şəkillərinə əsaslanaraq yeni hetçbekin renderini hazırlayıblar (baş şəkildə). Yeni Astra ailəsinə əvvəl olduğu kimi, hetçbek və Sports Tourer universalının daxil olacağı gözlənilir.
Tizerlərin birində, Vizor elementinin xarakterik xüsusiyyətləri - vizual olaraq tündləşdirilmiş vahid paneldə birləşdirilmiş fənərlər, radiator barmaqlığı və Vuxhall markasının loqotipi nümayiş etdirilir. Bundan başqa, LED işıq texnikasının Astra modelinin standart avadanlıqları siyahısına daxil ediləcəyi də qeyd edilir.
Avtomobilin interyerini nümayiş etdirən şəkillərdə, iki ekranı vahid şüşə altında birləşdirən Pure Panel ön panelini (bu həll artıq Mokka krossoverində tətbiq edilir) görmək olar. Fiziki düymələrin sayı minimuma endirilib.
Qeyri-rəsmi məlumatlara görə, nəslin dəyişməsi ilə, Astra modeli PHEV hibrid modifikasiyasına sahib olacaqdır. Eyni zamanda, 296 at qüvvəli mühərriki və tam ötürmə sistemi olan "bərkgedən" Vauxhall Astra OPC modelinin peyda olacağı gözlənilir. Yeni modelin mühərrik çeşidinə gəldikdə isə, Britaniyada satılacaq modelin 110 və ya 130 at qüvvəsinə malik olan 1,2-litrlik "turboüçlük", habelə 130 at qüvvəli 1,5 BlueHDi dizel mühərriki ilə təchiz ediləcəyi ehtimal olunur.
Xatırladaq ki, Vauxhall Astra modeli ənənəvi olaraq Britaniyanın Çeşir qraflığının Elsmir Port şəhərindəki zavodda istehsal edilir.