Hər kəsə məlumdur ki, 46 il bundan öncə Voljsk avtomobil zavodunun konveyerindən əfsanəvi ВАЗ-2101 avtomobilinin ilk nüsxəsi buraxılmışdır. Dəqiq desək, 1966-cı ildə «Avropada lin avtomobili» Fiat 124 modelinin əsasında yaradılan avtomobil 19 aprel 1970-cı ildə konveyer həyatına qədəm qoymuşdur. Qeyd etmək lazımdır ki, sovet mütəxəssisləri bundan əvvəl Ford və Opel avtomobillərindən prototip kimi istifadə edərək «xalq avtomobili» yaratmağa çalışsalar da uğursuzluğa düçar olmuşdular.
15 avqust 1966-cı ildə baş verən hadisəni artıq tarixi an adlandırmaq olar. Sovet İttifaqının Xarici ticarət nazirliyi İtaliyadan olan avtomobil istehsalçısı FİAT şirkəti ilə yeni avtomobilin işlənib-hazırlanması və onu istehsal edəcək zavodun tikintisi barədə müqavilə bağladılar.
İlkin olaraq mütəxəssislər avtomobilin üç modifikasiyasını yaratmaq fikrində olmuşdurlar. Lakin sonunda, əsas kimi götürülmüş Fiat 124 avtomobilini praktiki olaraq tamamilə dəyişmək məcburiyyətində qaldılar. Əsas səbəb kimi, avtomobilin yerli hava şərtlərinə uyğun olmaması göstərilirdi. Bu səbəbdən də, avtomobildə istifadə edilən bir sıra materiallar və hissələr tamamilə dəyişdirilmiş oldu. Xüsusilə, avtomobilin klirensi və asqı sistemi dəyişikliklərə məruz qalmışdı.
Bundan əlavə, avtomobil tamamilə yeni mühərriklə təchiz edilmişdir ki, bu güc aqreqatı da daha sadə və davamlı idi. Həm də bu yeni mühərrik, xarici analoqlarından geridə qlmamaq şərti ilə, onlardan daha ucuz başa gəlirdi.
Nəticədə, komfortuna görə prototipini hiss olunacaq dərəcədə üstələyən bir avtomobil meydana gəldi. Avtomobil Tolyatti şəhərinin ətrafında yerləşən dağların şərəfinə «Жигули» adlandırılsa da, xaricidə LADA markası ilə satılmağa başlamışdır. Buna səbəb, bir sıra ölkələrdə avtomobilin adının «jiqolo» sözü ilə bənzərlik daşıması olmuşdur.
ВАЗ-2101 sonunda Sovet zamanında yaşayan azərbaycanlılar üçün uğur simvoluna dönüşmüşdür. Avtomobil 1983-cü ilə kimi konveyer həyatı yaşadı və bir sıra sovet modellərinə həyat bəxş etmiş oldu. 46 il keçməsinə baxmayaraq, bu gün də Bakımızın küçələrində bu avtomobilin «nəvə-nəticələrinə» tez-tez rast gəlmək olar.