Səhmdarı Daimler AG konserni olan Volocopter startapı uçan pilotsuz taksinin sınaqlarını həyata keçirib. Yeni aparatın Dubaydakı təqdimatı zamanı multikopter 200 metr hündürlüyə qalxıb.
İki yerli Volocopter 2X multikopteri 18 propeller və doqquz müstəqil batareyalar dəsti ilə təchiz edilib. 70 km/saat kreyser sürəti ilə aparat 30 kilometr məsafəni qət edə bilər. Onun maksimal qalxış çəkisi 450 kiloqramdır. Velocopter şirkətinin rəhbəri Florian Royter multikopterin GPS tərəfindən müəyyən edilmiş marşrutla uçmaq iqtidarında olduğunu bildirib. Lakin, layihənin kommersiya istifadəsinin başlanmasına qədər, şirkət dronların fəaliyyətini tam avtonom etməyi planlaşdırır. Bu müddətdə dronlar maneələri aşkarlamağı və müstəqil şəkildə marşrutu tərtib etməyi öyrənəcəkdirlər.