Bu gün İnternet şəbəkəsində yeni nəsil Mercedes-AMG G63 ofrouderinin avtobanda dinamik xarakteristikalarının yoxlanması barədə videoçarx peyda olub. Belə ki, “uçan kərpiçin” 245 km/saat həddinə 35 saniyəyə sürətləndiyi məlum olub.
Automann-TV tərəfindən nümayiş etdirilmiş videoçarxda ofrouderin yerindən 100 km/saat həddinə 4,3 saniyəyə, 200 km/saat həddinə isə 16,6 saniyəyə sürətləndiyi göstərilib. Rəsmi xarakteristikalarda ofrouderin ilk “yüzlüyü” 4,5 saniyəyə topladığı bildirilir. Bundan başqa, “Gelik” 100-dən 200 km/saat həddinə 12,3 saniyəyə sürətlənir.
Yeni Mercedes-AMG G63 4Matic modeli bu ilin əvvəlində debüt edib. Ofrouder 585 at qüvvsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və 9-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. G63 modelinin maksimal sürəti 220 km/saat təşkil edir. AMG Driver’s package idman dəsti bu həddi 240 km/saata çəkməyə imkan verir.